Xəbərlər
Qaradağ rayonunda ağsaqqallarla görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında rayonun ağsaqqalları ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından, onların cəmiyyətin ictimai-siyasi həyatındakı mühüm rolundan danışıb. O bildirib ki, ağsaqqallar milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və sağlam ictimai mühitin formalaşdırılması istiqamətində mühüm missiya yerinə yetirirlər.
İlqar İlyasov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev hər zaman ağsaqqal və ağbirçəklərə böyük hörmət və ehtiram göstərib. Bu ənənənin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən rayon təşkilatının sədri dövlət başçısının müxtəlif bölgələrə, o cümlədən işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı yaşlı nəslin nümayəndələri ilə keçirdiyi səmimi görüşləri bunun bariz nümunəsi kimi dəyərləndirib.
İ.İlyasov onların gənclərin milli-mənəvi dəyərlərə sadiqlik ruhunda yetişməsində əvəzsiz rol oynadıqlarını qeyd edib. O, ağsaqqalların yalnız ailələri üçün deyil, bütövlükdə cəmiyyət üçün örnək olduqlarını vurğulayaraq onları YAP Qaradağ rayon təşkilatı ilə əməkdaşlığı daha da genişləndirməyə çağırıb.
Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, şəhid anası Fəridə İsmayılova, şəhid ataları Nizami Hüseynli və Sabir Xəlilov, Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Rövşən Pənahlı son illər rayonda həyata keçirilən sosial-iqtisadi inkişaf və genişmiqyaslı abadlıq-quruculuq işlərindən bəhs ediblər.
