Xəbərlər
YAP Gəncə şəhər təşkilatının 33 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının yaranmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatları Kamran Bayramov və Müşfiq Cəfərov çıxış ediblər.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi iradəsi ilə yaradılan Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin əsasını qoyub. Bildirilib ki, YAP Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da güclənməsi, dövlətçiliyimizin möhkəmlənməsi və xalqın rifahının yüksəldilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Vurğulanıb ki, YAP Gəncə şəhər təşkilatı ötən 33 il ərzində şəhərin ictimai-siyasi həyatında fəal iştirak edərək dövlət siyasətinin yerli səviyyədə uğurla təbliği və həyata keçirilməsinə mühüm töhfələr verib.
Sonra şəhərin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə, bir qrup partiya veteranına fəxri fərman, diplom və hədiyyələr verilib. Həmçinin partiyaya yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonda konsert proqramı təqdim olunub.
