YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qüdrətli Azərbaycan Ordusu ərazi bütövlüyünün və suverenliyin etibarlı təminatçısıdır

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Azərbaycan dövlətçiliyinin ən mühüm dayaqlarından biri güclü və peşəkar ordudur. Müstəqil dövlətin mövcudluğu, ərazi bütövlüyünün qorunması, milli təhlükəsizliyin təmin edilməsi və suveren hüquqlarının müdafiəsi ilk növbədə qüdrətli silahlı qüvvələrin mövcudluğundan asılıdır. Məhz buna görə də 26 İyun – Silahlı Qüvvələr Günü xalqımızın həyatında xüsusi əhəmiyyətə malik tarixi günlərdən biridir.

Milli Ordunun formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu ildə siyasi hakimiyyətə gələn Ulu Öndər gələcəkdə milli hərbi kadr potensialının formalaşdırılmasının vacibliyini uzaqgörənliklə qiymətləndirərək bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirmişdir. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması həmin siyasətin ən mühüm nəticələrindən biri oldu. Bu təhsil ocağı minlərlə peşəkar zabitin yetişməsində mühüm rol oynadı və milli hərbi kadr ehtiyatının əsasını formalaşdırdı. Ulu Öndərin təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil alması üçün imkanlar yaradıldı. Sonrakı dövrdə məhz həmin zabitlər müstəqil dövlətimizin Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynadılar.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət ordu quruculuğuna da ciddi mənfi təsir göstərirdi. Ayrı-ayrı silahlı dəstələrin mövcudluğu, vahid komandanlığın olmaması və idarəetmədəki çatışmazlıqlar nəticəsində torpaqlarımızın işğalı genişlənirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə dövlətçiliyi xilas etməklə yanaşı, nizami ordu quruculuğu prosesinə də başladı. Qanunsuz silahlı dəstələr ləğv edildi, vahid komandanlıq sistemi yaradıldı, Silahlı Qüvvələrdə nizam-intizam gücləndirildi və peşəkar hərbi idarəetmə formalaşdırıldı.

1994-cü ilin mayın 12-də atəşkəs əldə edildikdən sonra ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Maddi-texniki təminatın gücləndirilməsi, hərbi hissələrin yenidən qurulması, şəxsi heyətin döyüş hazırlığının artırılması və milli hərbi təhsil sisteminin inkişafı istiqamətində mühüm addımlar atıldı.

Ulu Öndərin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Silahlı Qüvvələr Günü elan edildi. Həmin vaxtdan etibarən bu tarix dövlət bayramı kimi qeyd olunur və milli ordumuzun keçdiyi şərəfli inkişaf yoluna verilən yüksək qiymətin ifadəsi kimi çıxış edir.

1999-cu ildə Hərbi Akademiyanın yaradılması, 2001-ci ildə hərbi təhsil müəssisələrinin yenidən təşkili milli hərbi kadr hazırlığının daha da təkmilləşdirilməsinə xidmət etdi. Bu addımlar nəticəsində müasir bilik və bacarıqlara malik peşəkar zabit korpusunun formalaşdırılması sürətləndi. Ulu Öndərin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri də Silahlı Qüvvələrin beynəlxalq standartlara uyğunlaşdırılması idi. NATO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlar hərbi idarəetmə, planlaşdırma, təlim və logistika sahələrində mühüm təcrübənin əldə edilməsinə imkan yaratdı. Azərbaycan hərbçilərinin beynəlxalq sülhməramlı missiyalarda iştirakı onların peşəkarlığının yüksəlməsinə, müasir döyüş təcrübəsi qazanmasına və Silahlı Qüvvələrin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verdi.

2003-cü ildən etibarən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Müdafiə xərclərinin artırılması, ən müasir silah və texnikaların alınması, hərbi sənaye kompleksinin yaradılması və hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin əsas istiqamətlərini təşkil etdi.

Son illərdə müdafiə və təhlükəsizlik xərclərinin davamlı artırılması nəticəsində Silahlı Qüvvələrimiz regionun ən güclü ordularından birinə çevrilmişdir. Hərbi hissələr ən müasir döyüş vasitələri ilə təchiz olunmuş, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlmiş, müasir müharibələrin tələblərinə cavab verən yeni hərbi idarəetmə sistemi formalaşdırılmışdır. Azərbaycanda yaradılmış hərbi sənaye kompleksi də ordunun gücləndirilməsində mühüm rol oynayır. Hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edilir və bu imkanlar Silahlı Qüvvələrin təminatında mühüm əhəmiyyət daşıyır.

2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun artan gücünü bütün dünyaya nümayiş etdirdi. Ordumuz qısa müddət ərzində strateji yüksəklikləri və mühüm mövqeləri azad etməklə düşmənə sarsıdıcı zərbə vurdu. 2018-ci ildə Naxçıvan istiqamətində həyata keçirilən uğurlu Günnüt əməliyyatı da Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyətinin və peşəkarlığının növbəti təsdiqi oldu.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan hərb tarixinin ən parlaq səhifəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Ordumuzun yüksək peşəkarlığı, müasir hərbi texnologiyalardan səmərəli istifadə etməsi, döyüş ruhu və vətənpərvərliyi nəticəsində düşmən ağır məğlubiyyətə uğradıldı. Şuşanın azad olunması isə Vətən müharibəsinin taleyini həll edən mühüm hadisə kimi tarixə düşdü. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə dövlət suverenliyi tam təmin edildi və konstitusiya quruluşu bütün ərazilərdə bərpa olundu.

Bu gün Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən biridir. Komando hərbi hissələrinin yaradılması, xüsusi təyinatlı qüvvələrin sayının artırılması, Milli Müdafiə Universitetinin təsis olunması və Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi əsasında aparılan islahatlar ordunun döyüş imkanlarını daha da genişləndirib. Prezidenti İlham Əliyev qeyd edib: “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.

Türkiyə ilə strateji müttəfiqlik münasibətləri və Şuşa Bəyannaməsində əks olunan müddəalar hərbi əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə şərait yaradıb. Eyni zamanda Pakistan, İsrail və digər tərəfdaş dövlətlərlə hərbi-texniki əməkdaşlıq ordumuzun güclənməsinə mühüm töhfələr verir. Bu gün Azərbaycan Ordusu yüksək vətənpərvərlik ruhuna, peşəkar hazırlığa və müasir döyüş bacarıqlarına malikdir. Şəhidlərin qəhrəmanlığı, qazilərimizin rəşadəti və hərbçilərimizin fədakarlığı xalqımızın qürur mənbəyidir.

Silahlı Qüvvələr Günü münasibətilə əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirmiş, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini təmin etmişdir. 26 İyun – Silahlı Qüvvələr Günü yalnız hərbçilərin peşə bayramı deyil, həm də xalqın orduya olan sonsuz etimadının, dövlətimizin qüdrətinin və milli birliyimizin təntənəsidir.