Xəbərlər
Qalib ordunun Zəfər yolu
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri
26 İyun – Silahlı Qüvvələr Günü – Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün baş qarantı olan Milli Ordumuzun şərəf, qəhrəmanlıq və zəfər bayramıdır. Bu tarix sadəcə dövlətimizin ordusunun yaranması tarixi kimi təqvimdəki bir bayram günü deyil; o, Azərbaycan xalqının əsrlik ordu quruculuğu ənənəsinin və müasir hərbi qüdrətinin simvoludur.
26 İyun tarixinin Silahlı Qüvvələr Günü kimi qeyd edilməsi milli-bəşəri dövlətçilik irsimiz olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. 1918-ci ilin mayında müstəqilliyini elan etmiş dövləti daxili və xarici təhdidlərdən qorumaq üçün həmin il iyunun 26-da Cümhuriyyət Hökumətinin qərarı ilə Gəncədə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu, Şərqin ilk demokratik respublikasının özünümüdafiə hüququnun və ordu quruculuğunun rəsmi təməl daşı idi. SSRİ dövründə bu tarix unudulsa da, yalnız Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə tarixi ədalət bərpa olundu və 26 iyun tarixi rəsmi olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi.
XX əsrdə Azərbaycanda hərbi quruculuğa və bu sahədə milli kadrların hazırlanması işinə böyük diqqət yetirən yeganə dövlət xadimi Ümummilli Lider Heydər Əliyev olmuşdur. O, 1969-cu ilin iyulunda hakimiyyətə gələn kimi bu sahədəki vəziyyətlə maraqlanmış, orta məktəblərin yuxarı sinif şagirdlərində hərbiçi peşəsinə maraq yaratmaq məqsədilə həmin ilin oktyabrında Azərbaycanda dislokasiya olunmuş sovet hərbi hissələrinin nəzdində gənc hərbi-vətənpərvərlər qrupları təsis edilmiş, 1971-ci ilin iyununda C.Naxçıvanski adına hərbi məktəb açılmış, keçmiş SSRİ-nin aparıcı ali hərbi məktəblərində minlərlə azərbaycanlının peşəkar hərbiçi kimi yetişməsinə nail olunmuşdu.
Müasir Azərbaycan Ordusunun qurucusu ünvanı da məhz Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Belə ki, ölkəmiz 1991-ci ilin oktyabrında öz müstəqilliyini bərpa etsə də, Ulu Öndərin dövlət rəhbərliyinə qayıdışınadək nizami ordu quruculuğu sahəsində zəruri addımlar atılmamışdı. Düşmən işğalı təhlükəsi qarşısında Qarabağı və ətraf rayonları vahid komandanlığa malik Milli Ordu deyil, daha çox müxtəlif yerli könüllü silahlı dəstələr və ölkədə yeni yaranmış ayrı-ayrı siyasi partiyaların nəzarətində olan batalyonlar qoruyurdular. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli istəyi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Silahlı Qüvvələrimiz ağır böhranlı vəziyyətdən çıxarıldı, ordu siyasi oyunlardan kənarlaşdırıldı, qətiyyətli və ardıcıl siyasətlə çox mürəkkəb şəraitdə ordu quruculuğuna yeni məzmun verildi, müasir ordumuzun əsası qoyuldu.
Bütün bunlara isə, Heydər Əliyevin radio və televiziya ilə Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciəti ilə başlanıldı. Milli Ordunun təşkil edilməməsinin səbəblərini açıqlayıb, Silahlı Qüvvələrin böhranlı vəziyyətdən çıxarılmasının yollarını göstərən Ulu Öndər düşmən işğalı altına düşmüş torpaqlarımızı özümüzdən başqa kimsənin azad etməyəcəyini vurğulayaraq deyirdi: “Mən Prezident kimi Azərbaycan Respublikasında dünyabaxışından asılı olmayaraq bütün qüvvələri əl-ələ verib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmağa dəvət edirəm. İndi Azərbaycan üçün bir amal, bir məqsəd var. Azərbaycanı bu ağır vəziyyətdən xilas etmək, onun ərazi bütövlüyünü, müdafiəsini təşkil etmək... Hər bir vətəndaş, hər bir azərbaycanlı hiss etməlidir ki, indi vətəni qorumaq üçün hərə öz payını verməlidir, hərə öz yerini tapmalıdır. İndi hər kəs müsəlləh əsgər olmalıdır. Bundan artıq vəzifə yoxdur”. Heydər Əliyev bəyan edirdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşmaq istəyənlər Müdafiə Nazirliyinin strukturlarında birləşməli və hərbi işin tələbləri çərçivəsində fəaliyyət göstərməlidirlər: “Kim istəyirsə bizim müdafiə qüvvələrimiz möhkəmlənsin, hamı bir mərkəzdə – Müdafiə Nazirliyində, ordumuzda cəmlənməlidir. Kim orduda qulluq etmək istəyirsə, gəlib qulluq etsin”.
Bu, danılmaz faktdır ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın hərbi uğursuzluqlarının kökündə pərakəndəlik, ordunun xalqdan və dövlətdən təcrid olunması, ayrı-ayrı siyasi qruplaşmaların oyuncağına çevrilməsi dayanırdı. Heydər Əliyev “sağlam mənəvi birlik” ifadəsi ilə ordunu daxili intriqalardan təmizləməyi və onu birbaşa millətin özünə və dövlətə bağlamağı nəzərdə tuturdu. Nizami ordunun əsgəri xalqın övladıdır: əgər əsgər arxasında bütöv bir xalqın sevgisini, inamını və dəstəyini hiss edirsə, onun döyüş ruhunu sındırmaq qeyri-mümkündür. Eyni zamanda, güclü ordu xalqa arxayınlıq, özünəinam və milli qürur hissi bəxş edir, xalqın döyüş qüdrətini artırır.
Yeri gəlmişkən, 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifısində işləyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri ilə muxtar respublika ərazisində ilk milli ordu qurumu – 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmişdi. 34 il bundan əvvəl – 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilən ilk hərbi paradda Ümummilli Lider Heydər Əliyev deyirdi: “Biz 70 il ərzində hər il keçmiş sovetlər ittifaqının silahlı qüvvələrinin bayramlarının iştirakçısı olmuşuq. Fəqət bugünkü bayram bizim hər birimizin qəlbində böyük iftixar hissi doğurur. Biz böyük sevinc içərisindəyik. Çünki Azərbaycan xalqı, nəhayət, öz dövlətini, öz millətini, öz doğma torpaqlarını müdafiə etmək üçün milli ordusunu yaratmışdır”.
Ümummilli Liderimizin 2 noyabr 1993-cü il tarixli müraciəti Ermənistanın Azərbaycana təcavüzünün başladığı andan xalqımızı mübarizəyə səsləyən, Vətən naminə səfərbər olmağa çağıran ilk müraciət idi və bu qətiyyətli çağırış cəmiyyətdə böyük əks-səda doğurdu, canlanma yaratdı və xalqımız tərəfindən yekdilliklə müdafiə olundu. Bu baxımdan, müraciət hərbi quruculuq sahəsində yaxın və uzaq perspektivdə ölkəmizin qarşısında dayanan proqram sənədinə çevrildi və tarix vahid komandanlığa malik Azərbaycanın Ordusunun yaradılmasında bu müraciətin böyük praktiki və tarixi əhəmiyyətə malik olduğunu isbatladı. Belə ki, müraciətdən cəmi iki ay sonra Milli Ordumuz ilk parlaq qələbəsini qazandı – 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi.
Ulu Öndər Heydər Əliyevin başladığı ordu quruculuğu strategiyasının 2003-cü ildən başlayaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ardıcıl şəkildə uğurla modernləşdirilməsi siyasəti yürüdülür. Bu zaman ərzində dövlətimiz və cəmiyyətimiz Ana Vətəni üçün bir an belə göz qırpmadan ölümün üstünə gedən vətənpərvər gəncliyin tərbiyəsi işinə də diqqətlə yanaşdı. 2005-ci ildə Azərbaycanda sürətlə inkişaf edən və ordu quruculuğu prosesinə mühüm töhfələr verən müdafiə sənayesi yaradıldı.
Nəticədə xalqımız Azərbaycan Ordusunun Horadiz əməliyyatında yaşadığı sevinci 2016-cı ilin aprelində yüksək strateji əhəmiyyətə malik Lələtəpə və Talış yüksəkliklərini düşməndən azad edərək, qələbə əzmini və torpaqlarımızın işğal altında qalması ilə heç zaman barışmayacağını bir daha bütün dünyaya nümayiş etdirərək yaşadı. 2018-ci ilin mayında isə Naxçıvanda 11 min hektara yaxın ərazi və Şərur rayonunun Günnüt kəndi işğaldan azad edildi. Nəhayət, 2020-ci il sentyabrın 27-dən etibarən düşmənə qarşı başlayan əks-hücum əməliyyatları Azərbaycanın hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Silahlıq Qüvvələrimiz 44 günlük Vətən müharibəsində döyüş meydanında şanlı tarix yazaraq noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. İşğalçılar həmin il noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonunu Azərbaycana döyüşsüz təhvil verməyə məcbur oldular.
2023-cü il sentyabrın 19-20-də isə Milli Ordumuz qarşısında dayanan son tapşırığı da misilsiz qəhrəmanlıqla yerinə yetirərək, 15 minlik terrorçu erməni ordusunu torpaqlarımızdan birdəfəlik süpürüb atdı, ölkəmizin ərazi bütövlüyünü və suverenliyi tam bərqərar etdi. Ulu Öndər Heydər Əliyevin taleyüklü vəsiyyəti və müəyyənlədirdiyi xətt Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyədə icra olundu. Ümummilli Liderimizin vaxtilə nəzəriyyə və strateji vəzifə olaraq irəli sürdüyü xalq-ordu birliyi formulu 2020-ci ildə Şuşanın, 2023-cü ildə isə Xankəndinin azad olunması ilə özünün praktiki və tarixi təsdiqini tapdı.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü, dünyanın isə aparıcı hərbi qüvvələrindən biri hesab olunur. Ordumuz son illərdə sürətli inkişaf yolu keçib: pilotsuz uçuş aparatları, modern raket sistemləri və kiber-müdafiə elementləri ordunun əsas güc elementinə çevrilib, dünyanın ən çətin relyeflərində və şəraitlərində əməliyyat keçirməyə qadir olan mobil, yüksək hazırlıqlı elit bölmələr formalaşdırılıb. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsindən sonra Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına tam uyğun olan Türkiyənin ordu strukturlarına (komando briqadalarının yaradılması, idarəetmə sisteminin unifikasiyası) sürətlə inteqrasiya olunub. Azərbaycan Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.
Nəticədə ordumuz uzun illərdir beynəlxalq arenada ən çox istinad və qəbul edilən mənbə – ABŞ-ın hərbi analitik mərkəzi olan “Global Firepower”in (GFP) reytinq indeksində qabaqcıl yerlərdən birini tutur. Hazırda Azərbaycan GFP indeksində 145 ölkə arasında 59-cu sırada qərarlaşsa və bu özlüyündə yüksək göstərici olsa da, Azərbaycan Ordusunu bu formal sıralamada faktiki olaraq daha üstün mövqeyə çıxaran bir neçə mühüm strateji reallıq var: 1) Real döyüş təcrübəsi (2020-ci ildəki Vətən müharibəsində parlaq qələbə faktoru): GFP indeksi əsasən kağız üzərindəki kəmiyyət göstəricilərinə (məsələn, tank və ya əsgər sayına) fokuslanır. Lakin Azərbaycan Ordusu XXI əsrin yeni nəsil müharibə modelini (dron-artilleriya sinerjisini) praktiki olaraq döyüş meydanında uğurla tətbiq etmiş və təcrübəsi beynəlxalq hərbi akademiyaların araşdırma mövzusuna çevrilmiş ilk mütləq qalib ordudur; 2) Cənubi Qafqazın hərbi lideri: Azərbaycan hərbi qüdrətinə, müdafiə büdcəsinin həcminə və hərbi-texnoloji təchizatına görə Cənubi Qafqaz regionunun şəksiz lideridir və Ermənistanı (reytinqdə 102-ci) bütün parametrlər üzrə qat-qat qabaqlayır. Azərbaycanın 2026-cı il üçün Dövlət büdcəsində nəzərdə tutulan müdafiə və milli təhlükəsizlik xərcləri (8,72 milyard manat) məğlub dövlətin müvafiq xərclərindən (2,94 milyard manat) üç dəfə çoxdur; 3) Şuşa Bəyannaməsi və Türk ordu modeli: Azərbaycanın reytinqdəki mövqeyini gücləndirən ən əsas amillərdən biri də Türkiyə ilə rəsmi hərbi müttəfiqliyidir. Azərbaycan Ordusunun dünya reytinqində 8-ci sırada olan qardaş Türkiyənin ordusu ilə tam inteqrasiya olunması, idarəetmə strukturunun NATO standartlarına uyğunlaşdırılması ordumuzun keyfiyyət və taktiki hazırlıq göstəricisini rəsmi reytinqlərin əks etdirə biləcəyindən daha yüksək səviyyəyə qaldırır.
2020-ci ilə qədər Silahlı Qüvvələr Günü Azərbaycanda bir gün torpaqlarımızın işğaldan azad ediləcəyinə olan böyük ümid və inamla qeyd olunurdusa, artıq 6 ildir ki, bu bayram qalib ordunun Zəfər bayramı donuna bürünüb. Müzəffər Ordumuz 2020-ci ildə İkinci Qarabağ müharibəsində və 2023-cü ildə 23 saatlıq antiterror tədbirlərində qarşısına qoyulan bütün tapşırıqları peşəkarlıqla icra edərək ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu gün Azərbaycan əsgəri Xankəndidə, Şuşada, Laçında, Qubadlıda, Zəngilanda, Füzulidə, Kəlbəcərdə, Ağdamda, Cəbrayılda – ölkənin bütün suveren sərhədlərində üçrəngli bayrağımızın altında keşik çəkir. Bu baxımdan 26 İyun – həm də canını Vətən uğrunda fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, qazilərimizə olan sonsuz minnətdarlığı ifadə etmək və Ulu Öndər Heydər Əliyevin vaxtilə dediyi o “sağlam mənəvi birliyi” – Dəmir Yumruğu bir daha bütün dünyaya nümayiş etdirmək günüdür.
1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından bu günədək Azərbaycanda ölkə səviyyəsində keçirilən 9 hərbi paradln 8-i (o cümlədən 3-ü Vətən müharibəsindəki Zəfərdən sonra) Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qəbul edilib. Bu göstərici özlüyündə Prezident İlham Əliyevin birmənalı şəkildə ordu quruculuğuna verdiyi əhəmiyyətin, bu sahəyə əlahiddə və xüsusi yanaşmasının göstəricisi sayılmalıdır. Silahlı Qüvvələr Gününü ordumuza, xalqımıza və tariximizə alnı açıq, qürur və fəxarət dolu keçirmək imkanını yaradan Müzəffər Ali Baş Komandan İlham Əliyevin: “Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”, – fikirləri 26 İyunun xalqımız və Ordumuz üçün ən əlamətdar günlərindən birinə çevrildiyinin ən yüksək səviyyədə təsdiqidir.
