YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər ordu: dövlətçilik tariximizin qürur mənbəyi

Əli Hüseynli

Milli Məclisin deputatı

Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin və milli təhlükəsizliyinin əsas təminatçısı onun ordusudur. Azərbaycan xalqı üçün 26 İyun – Silahlı Qüvvələr Günü təkcə hərbi bayram deyil, həm də dövlətçilik tariximizin şərəf və qürur səhifəsidir. Bu tarix Azərbaycan Ordusunun keçdiyi şərəfli yolu, qazandığı möhtəşəm zəfərləri və xalqla ordunun sarsılmaz birliyini təcəssüm etdirir.

Azərbaycan Milli Ordusunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qoyulmuşdur. Məhz həmin gün Şərqdə ilk demokratik respublikanın silahlı qüvvələrinin formalaşdırılmasına başlanılmış, general Səməd bəy Mehmandarov və general Əliağa Şıxlinski kimi görkəmli sərkərdələrin rəhbərliyi altında milli hərbi quruculuq istiqamətində mühüm addımlar atılmışdır.

Lakin müasir Azərbaycan Ordusunun əsasları Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu ildən etibarən Azərbaycanda milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirən Heydər Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətini genişləndirmiş, yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil almasına şərait yaratmışdır. Bu uzaqgörən siyasət sonralar müstəqil Azərbaycanın peşəkar zabit korpusunun formalaşmasında mühüm rol oynamışdır.

1991-ci ildə dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan ağır sınaqlarla üzləşdi. Orduda pərakəndəlik, vahid komandanlığın olmaması və siyasi böhran hərbi quruculuğa ciddi maneələr yaradırdı. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə nizami ordu quruculuğuna başladı, qanunsuz silahlı birləşmələri ləğv etdi, vahid komandanlıq sistemi yaratdı və Azərbaycan Ordusunu dövlətin ən etibarlı sütunlarından birinə çevirdi. Onun 1998-ci il mayın 22-də imzaladığı fərmanla isə 26 İyun rəsmi olaraq Silahlı Qüvvələr Günü elan edildi.

Bu gün bu siyasət Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilməkdədir.  Belə ki, 2003-cü ildən ötən dövr ərzində Azərbaycan Ordusunun maddi-texniki bazası əsaslı şəkildə yenilənmiş, müasir silah və texnikalar alınaraq arsenal gücləndirilmişdir. Ordunun döyüş hazırlığı yüksəldilmiş, xüsusi təyinatlı və komando birlikləri yaradılmış, Türkiyə modelinə uyğun müasir hərbi idarəetmə sistemi formalaşmış, hərbi infrastruktur beynəlxalq standartlara uyğunlaşdırılmışdır.  .

Azərbaycan Ordusunun qüdrəti 2020-ci ilin 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bənzərsiz sərkərdəlik məharəti sayəsində Azərbaycan Ordusu tarixi Zəfər qazanaraq ölkənin ərazi bütövlüyünü və daha sonra - 2023-cü ilin sentyabrında cəmi 23 saat ərzində Xankədini erməni separatçılarından təmizləyərək edərək dövlət suverenliyini böyük ölçüdə bərpa etdi. Bu Qələbə müasir hərb tarixində yüksək texnologiyaların, peşəkar idarəetmənin və sarsılmaz vətənpərvərlik ruhunun parlaq nümunəsi kimi qiymətləndirilir.

Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvələrindən biri hesab olunur. Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri son illərdə milyardlarla manat səviyyəsində formalaşır, ordunun şəxsi heyəti on minlərlə hərbi qulluqçunu əhatə edir. Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, xüsusi təyinatlı və komando birlikləri ölkənin müdafiə qüdrətinin əsas dayaqlarıdır. Ordunun döyüş qabiliyyətinin artırılması məqsədilə hər il yüzlərlə təlim və manevr keçirilir.

Azərbaycanda ordu quruculuğunun ən vacib sütunlarından biri hərbi sənayenin inkişafı ilə əlaqəlidir. Müasir hərbi doktrinalarda yalnız güclü orduya malik olmaq deyil, həm də həmin ordunun ehtiyaclarını müəyyən dərəcədə daxili istehsal hesabına qarşılamaq strateji üstünlük sayılır. Ölkəmizdə müdafiə sənayesinin institusional inkişafı 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyi ilə yeni mərhələyə keçib. Bu gün Azərbaycan təkcə idxalçı kimi deyil, eyni zamanda xaricə müasir silahlar ixrac edən ölkə kimi tanınır ki, bu da  respublikamızın hərbi təhlükəsizliyini, strateji müstəqilliyini və uzunmüddətli ordu quruculuğunu təmin edən əsas amillərdən biridir.

26 İyun həm də şəhidlərimizin müqəddəs xatirəsinin ehtiramla yad edildiyi gündür. Azərbaycan əsgəri və zabiti öz qanı ilə tarix yazaraq sübut edib ki, Vətən sevgisi ən böyük qüvvədir. Bu gün işğaldan azad olunmuş torpaqlarda dalğalanan üçrəngli bayrağımız, bərpa olunan şəhər və kəndlərimiz məhz ordumuzun qəhrəmanlığının nəticəsidir.

Azərbaycan Ordusu təkcə hərbi güc deyil, həm də milli qürur mənbəyimizdir. Onun hər bir uğurunda Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müasir çağırışlara uyğun həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasətinin izləri görünür. Bu gün Azərbaycan əsgəri bölgədə dayanıqlı sülh və barışıq mühitinin əsas qarantı kimi dövlət müstəqilliyimizin və suverenliyimizin keşiyində ayıq-sayıq dayanaraq xalqımıza əminlik, sabaha isə böyük inam bəxş edir.