Xəbərlər
Qarşılıqlı etimada əsaslanan münasibətlər davamlı inkişaf edir
Faqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 22-də ölkəmizə ilk dövlət səfərini etdi. Hazırda səfərin iki ölkənin münasibətlərinin gələcək inkişafında rolu ölkə mətbuatında geniş təhlil edilir. Səfər zamanı Azərbaycan və Türkmənistan Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri keçirildi, mətbuata bəyanatla çıxış etdilər. Bir daha vurğulandı ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Tərəflər qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Bunu səfər zamanı müxtəlif sahələrin gələcək inkişafında əhəmiyyətli rol oynayacaq 10-dan artıq sənədin imzalanması da təsdiqlədi. İndiyədək müxtəlif sahələri əhatə edən 108 ikitərəfli sənədin imzalanması əməkdaşlığın institusional əsaslarını möhkəmləndirib.
Azərbaycan ilə Türkmənistan arasında yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir. Ölkə rəhbərlərinin dostluq münasibətləri münasibətlərimizin təməlini təşkil edir. “Əlbəttə ki, qardaş türkmən xalqını və onun rəhbərliyini sosial-iqtisadi inkişafda əldə edilən əhəmiyyətli nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Mən artıq uzun illər ərzində dəfələrlə Türkmənistana səfər etmişəm və qardaş ölkəmizin davamlı inkişafına, şəhərlərin necə yaxşılaşdığına, infrastrukturun, o cümlədən turizmin necə qurulduğuna həmişə əmin olmuşam” söyləyən Prezident İlham Əliyev vurğuladı ki, bütün bunlar rəhbərliyin müdrikliyindən və milli maraqların prioritet olmasından xəbər verir. Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik.
Xəzər dənizi regionunda yerləşən Türkmənistan və Azərbaycan enerji resursları baxımından zəngin ölkələrdir. Xüsusilə qaz ixracı sahəsində əməkdaşlıq ölkələrimizi birləşdirən əsas sahələrdən biridir. 2021-ci ildə Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki “Dostluq” neft yatağının birgə işlənilməsinə dair razılıq əldə olunub. Bu razılaşma Xəzərin hüquqi statusu məsələlərinin həllindən sonra energetika sahəsində yeni imkanların açılmasına təkan verib. Məhz həmin sənəd yalnız iqtisadi deyil, həm də siyasi inamın rəmzidir. Türkmənistan Prezidentinin səfəri çərçivəsində dövlət başçılarının iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi. Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir.
İki ölkə arasında münasibətlər möhkəm təmələ əsaslanır. Ortaq tarixdən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksələn bu əlaqələrin inkişafında 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” mühüm rol oynayır. Prezidentlər mətbuata bəyanatlarında əlaqələrimizin inkişafında mövcud imkanlardan geniş bəhs etdilər. Nəqliyyat-logistika sahəsində əməkdaşlıqdan danışan cənab İlham Əliyev bildirdi ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır: “Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq”.
Azərbaycan-Türkmənistan əməkdaşlığı yalnız siyasi-iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də dərin mənəvi və mədəni təməllərə söykənir. İşğaldan azad edilmiş Füzuli şəhərində Türkmənistan dövləti tərəfindən müasir məscid kompleksinin tikilməsi qardaşlıq münasibətlərinin ən ali təzahürüdür. Dövlətimizin başçısı İlham Əliyev Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirən dövlətimizin başçısı bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırlatdı. Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu bildirdi.
Azərbaycan və Türkmənistan əlaqələri yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar daxilində də uğurla inkişaf edir. Belə ki, BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və TÜRKSOY kimi mötəbər qlobal və regional təşkilatlar çərçivəsində nümayiş etdirdikləri qarşılıqlı dəstək iki ölkənin xarici siyasətinin prinsiplərinin təqdimatında əhəmiyyətli rol oynayır. Ümumilikdə Azərbaycanın Mərkəzi Asiya, eyni zamanda, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir.
