Xəbərlər
Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlığa söykənir
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən olan ikitərəfli əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa verilən xüsusi önəm qarşılıqlı səfərlərdə özünün aydın ifadəsini tapır. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana ilk dövlət səfərini etdi. Azərbaycan və Yürkmənistan Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri oldu, mətbuata bəyanatlarla çıxış etdilər. Dost, qardaş ölkənin Prezidentinin işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfəri də oldu. Səfər bir daha strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Türkmənistan münasibətlərinin dünəninə və bu gününə işıq salaraq qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı. Belə ki, səfər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən bir sıra sənədlər, həmçinin dövlət başçıları tərəfindən Birgə Bəyannamə imzalandı.
Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında “Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək” söyləyərək onu da əlavə etdi ki, bu gün həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıldı. İkitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edildi və əməkdaşlığımızın gələcək inkişafı yolları müəyyənləşdirildi: “Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim. O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi. Mən, həmçinin Sərdar Qurbanquluyeviçə əməkdaşlığa görə minnətdaram. Bu gün, artıq qeyd etdiyim kimi, bir çox məsələlər üzrə ətraflı fikir mübadiləsi apardıq. Konkret tapşırıqlar verildi. Əminəm ki, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya çərçivəsində bu gün verdiyimiz tapşırıqlar həmin vaxta qədər hərtərəfli işlənib hazırlanacaq və biz yeni birgə problemlərin həlli, yeni layihələrin reallaşdırılması mərhələsinə keçəcəyik”.
Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl - tarixi bağlar, mədəni və mənəvi əlaqələr üzərində qurulub. Cənab İlham Əliyev bu məqamı da xüsusi vurğuladı ki, biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər. Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq.
Göründüyü kimi, Azərbaycanın Mərkəzi Asiya regionu, xüsusən də geostrateji tərəfdaşı olan Türkmənistanla qurduğu çoxşaxəli əlaqələr müstəsna əhəmiyyət kəsb edir. Köklü etnik-mədəni mənşəyə, dil, din və tarixi tale birliyinə malik olan bu iki Xəzəryanı dövlət 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə ikitərəfli münasibətlərini keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırıb. Ölkələrimiz arasında münasibətlər başlanğıcını tarixin dərinliklərindən götürür, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir. Siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimiz bu təməl üzərində inkişaf edir. Türkmən və Azərbaycan xalqları, sözün əsl mənasında, qardaşdırlar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Bu gün müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar. Türkmənistan Prezidenti ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirərək ölkələrimiz arasında münasibətlərin bərabərhüquqlu və qarşılıqlı faydalı prinsiplər əsasında dinamik və ardıcıl şəkildə inkişaf etdiyini məmnunluqla vurğuladı. “İki ölkənin nüfuzlu beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğu təsdiqləndi. Həmçinin Türkmənistanla Azərbaycan Respublikası arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli əməkdaşlıq çərçivəsində davam etdiriləcək” söyləyən Sərdar Berdiməhəmmədov iqtisadi-ticari əməkdaşlığın da ətraflı müzakirə olunduğunu, energetika, nəqliyyat, kimya, tekstil sənayeləri və bir sıra digər sahələrin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini qeyd etdi. Türkmənistan Prezidenti ölkələrimizin ərazilərindən Şərq-Qərb xətti üzrə nəqliyyat və tranzit dəhlizlərinin yaradılmasında sıx əməkdaşlıq etmək barədə razılığın əldə olunduğunu vurğuladı.
