YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl sosial islahatlar nəticəsində ölkəmizdə sosial müdafiə sistemi əhəmiyyətli dərəcədə təkmilləşdirilib, sosial dəstək mexanizmlərinin əhatə dairəsi genişləndirilib və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən sosial dövlət prinsiplərinin möhkəmləndirilməsini, əhalinin rifahının yüksəldilməsini və cəmiyyətdə həmrəyliyin gücləndirilməsini fəaliyyətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib.

Tədbirdə çıxış edən Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Tünzalə Verdiyeva, Agentliyin Sosial ehtiyacların qiymətləndirilməsi üzrə Mərkəzi Filialının müdiri Raqif Zamanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və təqdim etdiyi sosial dəstək mexanizmləri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Agentliyin fəaliyyəti dövlətin həssas əhali qruplarına göstərdiyi diqqət və qayğının, insan amilinə verilən yüksək dəyərin bariz nümunəsidir.

Çıxışlarda sosial xidmətlərin əlçatanlığının artırılması, sosial ehtiyacların operativ qiymətləndirilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş yönümlü yanaşmanın gücləndirilməsi istiqamətində görülən işlər xüsusi vurğulanıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.