Xəbərlər
Azərbaycan–Avropa İttifaqı: qarşılıqlı hörmət, praqmatik əməkdaşlıq və ortaq maraqlar
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 2026-cı il iyulun 1-də Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində mətbuata verilən bəyanatlar göstərdi ki, tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdırlar. Görüşlər zamanı enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, bərpaolunan enerji, iqtisadi əməkdaşlıq və regionda davamlı sülhün təmin olunması əsas müzakirə mövzuları oldu.
Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər son dövrdə görünməmiş dinamika nümayiş etdirir. Dövlətimizin başçısı qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkəmiz Cənubi Qafqazda Avropa İttifaqının ən mühüm iqtisadi tərəfdaşı kimi çıxış edir. Bu fakt Azərbaycanın regionun aparıcı iqtisadi gücü və etibarlı tərəfdaşı olduğunu bir daha təsdiqləyir.
Enerji sahəsində əməkdaşlıq görüşün əsas istiqamətlərindən biri oldu. Prezident İlham Əliyev bildirdi ki, 2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq Memorandumundan sonra Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı əhəmiyyətli dərəcədə artıb və hazırda Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinin mühüm komponentlərindən birinə çevrilib. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü enerji siyasəti, yaradılmış müasir infrastruktur və Cənub Qaz Dəhlizi kimi qlobal layihələr Azərbaycanın etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib.
Bununla yanaşı, Azərbaycan artıq yaşıl enerji sahəsində də yeni imkanlar yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaxın illərdə ölkədə günəş və külək enerjisi istehsalının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Bu isə həm daxili enerji tələbatının ekoloji mənbələr hesabına ödənilməsinə, həm də daha çox təbii qazın ixracına imkan verəcək. Avropa Komissiyası da Azərbaycanın yaşıl enerji potensialını yüksək qiymətləndirərək bu istiqamətdə əməkdaşlığın genişləndirilməsini dəstəklədiyini bəyan edib.
Görüş zamanı nəqliyyat və regional bağlantı məsələləri də geniş müzakirə olundu. Prezident İlham Əliyev Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri olduğunu vurğulayaraq ölkəmizin tranzit imkanlarının ildən-ilə genişləndiyini diqqətə çatdırdı. Avropa Komissiyasının Prezidenti isə Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantı layihələrinə dəstək məqsədilə yeni maliyyə təşəbbüslərinin irəli sürüldüyünü açıqladı. Bu təşəbbüslər regionun iqtisadi inteqrasiyasına və dayanıqlı inkişafına mühüm töhfə verə bilər.
Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri də regionda sülh və sabitliyin təmin olunması idi. Dövlətimizin başçısı Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha bəyan etdi və normallaşma prosesinin artıq real nəticələr verdiyini qeyd etdi. Ursula Fon der Lyayen də çıxışında Azərbaycanın regionda sülh təşəbbüslərini yüksək qiymətləndirərək Avropa İttifaqının bu prosesi dəstəkləməyə hazır olduğunu bildirdi.
Əldə olunan razılaşmalar göstərir ki, Azərbaycan bu gün yalnız etibarlı enerji tərəfdaşı deyil, həm də Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm geostrateji mərkəzə çevrilib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz regional əməkdaşlığın təşəbbüskarı, etibarlı tərəfdaş və beynəlxalq münasibətlər sistemində nüfuzu artan dövlət kimi mövqeyini daha da möhkəmləndirir.
Ursula Fon der Lyayenin Azərbaycana səfəri bir daha nümayiş etdirdi ki, qarşılıqlı hörmət, praqmatik əməkdaşlıq və ortaq maraqlar əsasında qurulan Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, regional bağlantı layihələrində və sülh gündəliyində əvəzolunmaz tərəfdaş kimi rolunu daha da gücləndirir.
