Xəbərlər
YAP Laçın rayon təşkilatının təsis edilməsinin 31 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatı sədrinin müavini Şamo Qasımov Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi şərəfli inkişaf yolu və ölkənin ictimai-siyasi həyatındakı rolu barədə məlumat verib.
Şamo Qasımov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyaları əsasında yaradılan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi fəaliyyət göstərir. O qeyd edib ki, partiyanın əsas fəaliyyət istiqamətlərini dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, ictimai-siyasi sabitliyin qorunması və ölkənin dayanıqlı inkişafına töhfə vermək təşkil edir.
Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfər, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilən uğurlu siyasətin nəticəsidir.
YAP Laçın rayon təşkilatının 1995-ci il iyulun 19-da təsis edildiyini qeyd edən Şamo Qasımov bildirib ki, təşkilat ötən dövr ərzində rayonun ictimai-siyasi həyatında fəal iştirak edib və dövlət siyasətinin yerli səviyyədə həyata keçirilməsinə öz töhfəsini verib.
Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Minə Əliyeva, Laçın rayon Qarakeçdi kəndinin icra nümayəndəsi Əli Həsənquliyev, 1 saylı ərazi partiya təşkilatının sədri Məhəmməd Şahbazov və partiya veteranı Mirzə Kərimov Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi tarixində mühüm hadisə olduğunu bildiriblər. Qeyd olunub ki, partiya bu gün də ölkənin ictimai-siyasi, sosial və iqtisadi inkişafında mühüm rol oynayır.
Sonra rayon təşkilatının fəaliyyətində fərqlənən bir qrup partiya üzvünə fəxri fərman təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
