Xəbərlər
Yasamalda fəal gənclərlə görüş keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə fəal gənclərlə görüş keçirilib.
Əvvəlcə YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin mühüm mərhələlərindən biri olduğunu bildirib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, gənclərin təhsil, elm, mədəniyyət və idman sahələrində inkişafı üçün geniş imkanlar yaradılır.
Bəxtiyar Nəbiyev vurğulayıb ki, dövlət proqramları, Azərbaycan Gənclər Fondunun layihələri və ölkədə yaradılmış müasir idman infrastrukturu gənclərin hərtərəfli inkişafına xidmət edir. O, Vətən müharibəsində qazanılan tarixi Zəfərin gənclərdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyini, Azərbaycan gənclərinin bu gün elm, idman və ictimai-siyasi həyatda uğurla təmsil olunduğunu qeyd edib. Rayon təşkilatının sədri, həmçinin gənclərin Yeni Azərbaycan Partiyasının sıralarına böyük maraq göstərdiklərini, partiyanın fəaliyyətində və könüllülük hərəkatında fəal iştirak etdiklərini vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxışında Gənclər və İdman Nazirliyinin 32 illik fəaliyyəti ərzində əldə olunan nailiyyətlərdən danışıb. O bildirib ki, gənclərin sosial fəallığının artırılması, sağlam həyat tərzinin təşviqi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. İlham Səfərov Yasamal rayonunda mütəmadi keçirilən idman yarışlarının, turnirlərin və könüllülük layihələrinin gənclərin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov dövlət gənclər siyasətinin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O qeyd edib ki, gənclərin təhsil, məşğulluq, sahibkarlıq və sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Deputat gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda yetişdirilməsinin vacibliyini vurğulayaraq turizm sahəsinin də gənclər üçün yeni inkişaf və məşğulluq imkanları yaratdığını bildirib.
Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ali təhsil müəssisələrində həyata keçirilən gənclər siyasəti, tələbələrin elmi, ictimai və mədəni fəaliyyətə cəlb olunması istiqamətində görülən işlər barədə məlumat verib. O, gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi, analitik düşüncəsinin formalaşdırılması və elmə marağının artırılması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib.
Dünya və Avropa çempionu, idman ustası Emili Rzayeva isə çıxışında idman karyerasından bəhs edərək uğurun zəhmət, əzmkarlıq və məqsədyönlü fəaliyyət nəticəsində əldə olunduğunu bildirib. O, idmanın gənclərin fiziki və mənəvi inkişafında mühüm rol oynadığını vurğulayaraq, xüsusilə qız-gəncləri idmanla fəal məşğul olmağa çağırıb.
Çıxışlardan sonra Yasamal rayonunun ictimai həyatında fəallığı ilə seçilən bir qrup gənc təltif edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
