Xəbərlər
Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir. Ulu Öndərin hakimiyyətinin hər iki dövründə tariximizin, milli-mənəvi dəyərlərimizin, dilimizin inkişafı və qorunması prioritet məsələlərdən olub.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olub. Belə ki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da Azərbaycan dilinin qorunmasını xüsusi diqqətdə saxladı. 1995-ci ildə Azərbaycan Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
Ulu Öndər Heydər Əliyev gənclərə çağırışlarında hər zaman bu fikri önə çəkirdi ki, millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır.
Dil hər bir xalqın tanınmasında, təqdimatında əsas amildir. Ümummilli Lider gənclərə bu çağırışı da etmişdir ki, Azərbaycan dilini yaxşı öyrənməli, yad ünsürlərdən qorumalıyıq. Onun 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı dilimizin inkişafına xidmət edən mühüm addım oldu. Həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi ilə bağlı 9 avqust 2001-ci il tarixli Fərmanı tarixi hadisə kimi dəyərləndirildi. Belə ki, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri qəbul edir, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Son 22 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin inkişafına yönələn addımları ilə də diqqətdədir. Belə ki, Prezident İlham Əliyev tərəfindən 2004-cü ildə imzalanan “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin ildə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci ildə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə imzalanan sənəddə hədəfə nail olmaq üçün görüləcək tədbirlər öz əksini tapıb.
Artıq bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın uğurlarından bəhs edirik. Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycan xalqının yenilməz, məğrur, tarixinə sahib çıxan xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azərbaycançılığın əsas tərkib hissələrindən biri vətənpərvərlikdir ki, şanlı Qələbəmizin qazanılmasında bu amilin rolu beynəlxalq səviyyədə də xüsusi qeyd edilir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan gəncləri tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi öyrənməklə, onları inkişaf etdirməklə yanaşı, yüksək səviyyədə qoruyur və təbliğ edir. Ümummilli Lider Heydər Əliyevin “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var” fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Cənab İlham Əliyev, həmçinin bildirir ki, Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir.
