Xəbərlər
Azərbaycan dili – milli kimliyin və dövlətçiliyin əbədi dayağı
İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri
Dil hər bir xalqın tarixini, mədəniyyətini, milli yaddaşını və mənəvi dünyasını yaşadan ən qiymətli sərvətdir. Xalqın əsrlər boyu qazandığı təcrübə, yaratdığı ədəbi irs, milli adət-ənənələri və mənəvi dəyərləri məhz ana dili vasitəsilə gələcək nəsillərə ötürülür. Azərbaycan dili də minilliklər ərzində xalqımızın milli kimliyini qoruyub saxlamış, onun mənəvi varlığını yaşatmış və müstəqil dövlətçiliyimizin əsas rəmzlərindən birinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin "Bizim Azərbaycan dili şeir dilidir" fikri dilimizin zənginliyini və estetik xüsusiyyətlərini ən dəqiq şəkildə ifadə edir. Həqiqətən də Azərbaycan dilini ilk dəfə eşidən əcnəbilər onun məzmununu başa düşməsələr belə, dilimizin ahəngdarlığını, melodik səslənişini və poetik xüsusiyyətlərini xüsusi rəğbətlə qeyd edirlər. Bu isə Azərbaycan dilinin zəngin fonetik quruluşunun, geniş ifadə imkanlarının və əsrlər boyu formalaşmış mədəni irsinin bariz göstəricisidir. Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqımızın tarixini, mədəniyyətini və milli ruhunu yaşadan mənəvi sərvətdir.
"Dil hər bir millətin milliliyinin əsasıdır" deyən Ulu Öndər Heydər Əliyev ana dilinin milli kimlik və dövlətçilik üçün əvəzolunmaz əhəmiyyətini xüsusi vurğulayırdı. Buna görə də Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə saf şəkildə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur. Xüsusilə gənclər dövlət dilimizi bütün incəlikləri ilə mənimsəməli, onu gündəlik həyatda, təhsil və elm sahəsində, dövlət idarəçiliyində, media məkanında və beynəlxalq platformalarda düzgün və zəngin formada istifadə etməlidirlər.
Sovet hakimiyyəti dövründə milli dillərin sıxışdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri idi. Xüsusilə XX əsrin 70-ci illərində milli dillərin ictimai-siyasi həyatda istifadəsinə ciddi məhdudiyyətlər qoyulur, daha əvvəlki dövrlərdə isə ana dilinin hüquqlarını müdafiə edən ziyalılar repressiyalara məruz qalır, sürgün olunurdular. Belə mürəkkəb və həssas şəraitdə Azərbaycan dilinin müdafiəsini açıq şəkildə gündəmə gətirmək böyük siyasi iradə və uzaqgörənlik tələb edirdi.
Məhz belə bir dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişafı istiqamətində qətiyyətli mövqe nümayiş etdirdi. O, ziyalıları və cəmiyyəti ana dilinin hüquqlarının müdafiəsi naminə səfərbər etdi, dövlət dili məsələsində prinsipial siyasət həyata keçirdi.
Bu siyasətin ən mühüm nəticələrindən biri 1978-ci il aprelin 2-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının təsbit olunması idi. O dövrün siyasi reallıqları fonunda bu addım milli dövlətçilik tariximizdə mühüm dönüş nöqtəsi hesab olunur və Ulu Öndərin xalq qarşısındakı tarixi xidmətlərindən biri kimi qiymətləndirilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət dili siyasəti daha da inkişaf etdirildi. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olması təsbit edildi və bununla da dilimiz müstəqil dövlətimizin əsas atributlarından biri kimi konstitusion təminat aldı.
Ulu Öndər Heydər Əliyev dövlət dilinin tətbiqinin genişləndirilməsi istiqamətində ardıcıl hüquqi islahatlar həyata keçirdi. 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman dövlət dili siyasətinin yeni mərhələsini müəyyənləşdirdi və həmin sənəd əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı.
Ana dilimizin qorunmasına xidmət edən mühüm qərarlardan biri də 9 avqust 2001-ci il tarixli Fərman oldu. Həmin Fərmana əsasən hər il 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlandı. Bu addım Azərbaycan dilinin təbliği və inkişafına dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsinə çevrildi.
2002-ci ildə qəbul edilən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun dövlət dilinin hüquqi əsaslarını daha da möhkəmləndirdi. Qanunda Azərbaycan dilinin müstəqil dövlətçiliyimizin başlıca atributlarından biri olduğu xüsusi vurğulandı və onun tətbiqinin hüquqi mexanizmləri müəyyən edildi.
Dilimizin yazı qaydalarının müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atıldı. Nazirlər Kabinetinin 16 aprel 2019-cu il tarixli qərarı ilə "Azərbaycan dilinin Orfoqrafiya Normaları" təsdiq edildi və bununla da yazılı nitqin vahid standartları müəyyənləşdirildi.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət dili siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Azərbaycan dilinin inkişafı, qorunması və beynəlxalq nüfuzunun artırılması istiqamətində ardıcıl dövlət proqramları və mühüm sərəncamlar qəbul edilmişdir. Latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcümə olunaraq nəşri, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı", eləcə də elektron informasiya məkanında Azərbaycan dilinin mövqeyinin gücləndirilməsi bu siyasətin əsas istiqamətlərini təşkil edir.
2018-ci ildə imzalanmış "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman ana dilimizin saflığının qorunması istiqamətində yeni mərhələnin əsasını qoydu və dövlət dili siyasətinin daha da gücləndirilməsinə xidmət etdi.
Bu siyasətin davamı olaraq 31 iyul 2025-ci il tarixli Fərmanla Azərbaycan dilinin tətbiqinə, normativ hüquqi aktlarda dil normalarına riayət olunmasına nəzarət və dövlət dilinin inkişafının təmin edilməsi səlahiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə edildi.
Qloballaşma, sürətlə inkişaf edən informasiya texnologiyaları və xarici dillərin təsirinin artdığı müasir dövrdə Azərbaycan dilinin saflığının qorunması xüsusi aktuallıq kəsb edir. Prezident İlham Əliyevin "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik" fikri bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin əsas mahiyyətini ifadə edir.
Bu çağırış yalnız dövlət qurumlarına deyil, bütövlükdə cəmiyyətə ünvanlanmış məsuliyyət nümunəsidir. Alimlər, müəllimlər, jurnalistlər, yazıçılar, dövlət qulluqçuları, media nümayəndələri və xüsusilə gənc nəsil Azərbaycan dilinin normalarına riayət etməli, onun saflığını qorumalı və dövlət dilindən düzgün istifadə etməlidirlər.
Əsrlər boyu xalqımızın milli kimliyini yaşadan Azərbaycan dili bu gün müstəqil dövlətimizin əsas sütunlarından biri kimi inkişaf etməkdədir. Zəngin lüğət ehtiyatına, yüksək ifadə imkanlarına və qədim tarixi köklərə malik olan Azərbaycan dili beynəlxalq aləmdə də layiqli yerini möhkəmləndirir.
Ana dilimizi qorumaq, onun zənginliyini və saflığını gələcək nəsillərə çatdırmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs vəzifəsidir. Xarici dilləri öyrənmək müasir dövrün zərurətidir, lakin Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi: "Bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin."
Azərbaycan dilinə sevgi milli kimliyimizə, dövlətimizə və gələcəyimizə olan hörmətin ifadəsidir. Dilimizi qorumaq və yaşatmaq isə Azərbaycan dövlətinin və milli-mənəvi dəyərlərimizin əbədi yaşamasına xidmət edən müqəddəs missiyadır.
