YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan gəncliyi beynəlxalq aləmdə” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 12 Avqust - Beynəlxalq Gənclər Günü münasibətilə “Azərbaycan gəncliyi beynəlxalq aləmdə” mövzusunda dəyirmi masa keçirilib.

Yasamal Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun müdiri İlham Səfərov, YAP Yasamal rayon təşkilatının məsləhətçisi Vasif Nəbiyev və AMEA Dilçilik İnstitutunun elmi işçisi Fatimə Fətullayeva çıxış ediblər.

Bildirilib ki, Beynəlxalq Gənclər Günü BMT-nin təşəbbüsü ilə gənclərin cəmiyyətin inkişafındakı roluna diqqətin artırılması, onların hüquq və imkanlarının dəstəklənməsi məqsədilə təsis edilib. Qeyd olunub ki, bu əlamətdar gün gənclərin həm bu günün, həm də gələcəyin fəal qurucuları olduğunu bir daha nümayiş etdirir.

Tədbirdə Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərin ölkənin ictimai-siyasi, sosial, elmi və mədəni həyatında fəal iştirakından bəhs olunub. Bildirilib ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin möhkəm təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək onların təhsili, inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi və cəmiyyət həyatında fəal iştirakı üçün mühüm imkanlar yaradıb.

Vurğulanıb ki, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və geniş miqyas qazanaraq uğurla davam etdirilir. Gənclərin elmə, təhsilə, innovasiyalara, idmana və ictimai fəaliyyətə cəlb olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin gənclərə göstərdiyi yüksək etimad onların dövlət quruculuğunda fəal iştirakına geniş imkanlar yaradır.

Çıxışlarda Birinci vitse-prezident Mehriban Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial, humanitar, təhsil və mədəniyyət layihələrinin də gənclərin inkişafına mühüm töhfələr verdiyi diqqətə çatdırılıb.

Tədbirdə Yeni Azərbaycan Partiyasının gənclərin ictimai-siyasi fəallığının artırılmasına, təşəbbüslərinin dəstəklənməsinə və liderlik potensialının üzə çıxarılmasına xüsusi diqqət yetirdiyi qeyd olunub. Bildirilib ki, gənclərlə aparılan məqsədyönlü iş onların milli dövlətçilik ideyalarına bağlılığının və vətəndaş məsuliyyətinin gücləndirilməsinə xidmət edir.

Həmçinin Azərbaycan gəncliyinin Vətən müharibəsində və suverenliyimizin bərpası istiqamətində aparılan mübarizədə göstərdiyi qəhrəmanlıqdan söz açılıb. Qeyd olunub ki, gənclərimizin nümayiş etdirdiyi yüksək vətənpərvərlik, milli ruh və fədakarlıq Azərbaycan gəncliyinin dövlətə və Vətənə sədaqətinin parlaq nümunəsidir.

Daha sonra ictimai-siyasi və sosial həyatda fəal iştirak edən bir qrup gəncə fəxri fərmanlar təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv