Xəbərlər
“Gənclər və rəqəmsal texnologiyalar” mövzusunda görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının təşəbbüsü ilə Göyçay Gənclər Evində “Gənclər və rəqəmsal texnologiyalar” mövzusunda gənclərlə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Göyçay rayon təşkilatının sədr müavini Laçın İsmayılov və digərləri Azərbaycanda dövlət gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji istiqamətlər əsasında bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildiriblər.
Qeyd olunub ki, dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğı onların hərtərəfli inkişafına, bilik və bacarıqlarının artırılmasına, həmçinin ictimai həyatda fəal iştirakına mühüm imkanlar yaradır.
Görüşdə “Gənclər və rəqəmsal texnologiyalar” mövzusunda fikir mübadiləsi aparılıb. Çıxışçılar müasir dövrdə rəqəmsal texnologiyaların gənclərin həyatında mühüm rol oynadığını diqqətə çatdırıblar. Bildirilib ki, informasiya texnologiyalarından düzgün və səmərəli istifadə, eləcə də rəqəmsal bacarıqların inkişaf etdirilməsi gənclərin təhsil və gələcək karyera imkanlarının genişlənməsinə əhəmiyyətli töhfə verir.
Vurğulanıb ki, bu cür maarifləndirici görüşlər gənclərin müasir bilik və bacarıqlara yiyələnməsi ilə yanaşı, onların milli-mənəvi dəyərlərə sadiq, dövlətçilik ənənələrinə bağlı və vətənpərvər ruhda formalaşmasına da xidmət edir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.
