Xəbərlər
“Heydər Əliyev ideyalarının gənclərin həyatında rolu”
12 Avqust - Beynəlxalq Gənclər Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatında “Heydər Əliyev ideyalarının gənclərin həyatında rolu” mövzusunda gənclərlə görüş keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev gəncləri Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edib. O, müasir müstəqil Azərbaycanın dövlət gənclər siyasətinin əsasının məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib.
Qeyd olunub ki, dövlətin gənclərə göstərdiyi diqqət və qayğı onların ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirakında, ideya və təşəbbüslərinin dəstəklənməsində özünü aydın şəkildə göstərir. Dövlət proqramları çərçivəsində gənclərin xaricdə təhsil alması, müasir peşələrə yiyələnməsi və hərtərəfli inkişafı üçün yaradılan geniş imkanların dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən olduğu vurğulanıb.
Emil Tağıyev, həmçinin gənclərin müasir bilik və bacarıqlara yiyələnməklə yanaşı, milli-mənəvi dəyərlərə, adət-ənənələrə və dövlətçilik prinsiplərinə bağlı olmalarının vacibliyini diqqətə çatdırıb.
Tədbirdə Xaçmaz Gənclər və İdman sektorunun müdiri Elman Məmmədov, fəal gənclər Sahilə Məmmədova, Elmir Şeydayev, Jalə Əliyeva və Firəngiz Musayeva çıxış ediblər. Çıxışlarda rayon gənclərinin ictimai-siyasi həyatda fəallığından, onların inkişafı üçün yaradılan imkanlardan və dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs olunub. Gənclər onlara göstərilən etimada görə minnətdarlıqlarını ifadə ediblər.
Görüşün sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
