Xəbərlər
Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasında əməkdaşlıq və inteqrasiyaya mühüm töhfələr verir
Heydər Əsədov
Milli Məclisin deputatı
Azərbaycan və Özbəkistan münasibətləri son illərdə sürətli inkişaf dinamikası ilə diqqəti cəlb edən, tarixi və mənəvi yaxınlığın müasir dövlətlərarası əməkdaşlıq mexanizmləri ilə tamamlandığı nümunəvi əməkdaşlıq modelinə çevrilib. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasındakı əlaqələrin mahiyyətini, əldə olunan nəticələri və qarşıdakı dövr üçün əsas prioritetləri geniş şəkildə ortaya qoyur.
İki ölkə arasında strateji tərəfdaşlıq daha yüksək səviyyəyə – müttəfiqlik münasibətlərinə yüksəlib. Bu proses Azərbaycan və Özbəkistanın regional və beynəlxalq məsələlərdə bir-birinə verdiyi qarşılıqlı dəstəklə yanaşı, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə həyata keçirilən çoxsaylı layihələrdə də öz əksini tapır. Dövlətlərarası münasibətlərin inkişafında iki ölkə liderləri arasında formalaşmış səmimi münasibətlər xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev müsahibəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə münasibətlərini səmimi dostluq, qarşılıqlı hörmət və etimad üzərində qurulan əlaqələr kimi xarakterizə edir. Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini və dövlətlərarası münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir.
2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin ölkəmizə səfəri münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib. Həmin səfərlər çərçivəsində imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” Azərbaycan–Özbəkistan münasibətlərinin hüquqi-siyasi çərçivəsini yeni səviyyəyə qaldırıb.
Ali Dövlətlərarası Şura iki ölkə arasında strateji dialoqun mühüm mexanizminə çevrilib. Şuranın Bakı və Daşkənddə keçirilmiş iclasları münasibətlərin uzunmüddətli perspektivlərini müəyyənləşdirmək, yeni təşəbbüsləri müzakirə etmək və əməkdaşlığın müxtəlif istiqamətlərini əlaqələndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycan və Özbəkistan arasında siyasi münasibətlər konkret mexanizmlərə, qarşılıqlı öhdəliklərə və uzunmüddətli strateji baxışa söykənən müttəfiqlik modelinə çevrilib. Dövlətimizin başçısı müsahibədə qeyd edib: “Bu platforma ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir. Şuranın artıq Daşkənddə və Bakıda keçirilən iki iclası Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək inkişaf tempini, siyasi dialoqun ardıcıllığını və ölkələrimizin perspektivə hesablanmış birgə fəaliyyət əzmini nümayiş etdirir”.
Siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi əməkdaşlığın inkişafına da güclü impuls verir. Son illərdə Azərbaycan–Özbəkistan ticarət dövriyyəsində müşahidə olunan artım bunun bariz göstəricisidir. Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının bir-birini tamamlayan imkanları yeni istehsal, investisiya və ticarət layihələrinin həyata keçirilməsi üçün geniş perspektivlər yaradır. Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb”.
İnvestisiya əməkdaşlığında Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti xüsusi rol oynayır. Üç il əvvəl 500 milyon dollar ümumi kapitalla yaradılan şirkət iki ölkədə müxtəlif iqtisadi sektorlar üzrə perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə xidmət edir. Hökumətlərarası Komissiyanın fəaliyyəti də iqtisadi əlaqələrin inkişafına təkan verir. Bu günədək komissiyanın 15 iclasının keçirilməsi iqtisadi gündəliyin davamlı şəkildə müzakirə edildiyinin göstəricisidir.
Avtomobil sənayesində əməkdaşlıq isə daha konkret nəticələrlə müşayiət olunur. “Chevrolet” markalı avtomobillərin və “Isuzu” avtobuslarının istehsalı iki ölkə arasında sənaye kooperasiyasının praktik nəticələrindən biridir. 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə 10 720 “Chevrolet” avtomobili və 275 “Isuzu” avtobusu istehsal edilib. Bu layihələr texnologiya, kadr hazırlığı, yerli istehsal imkanlarının genişləndirilməsi və sənaye zəncirlərinin formalaşdırılması baxımından da əhəmiyyətlidir.
Energetika sahəsində əməkdaşlıq Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biridir. Son illərdə enerji gündəliyinin mühüm hissəsini bərpaolunan enerji və yaşıl enerji təşkil edir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın iştirakı ilə “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması bunun mühüm nümunəsidir. Bu təşəbbüs Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizinin formalaşdırılması, bərpaolunan enerjinin ixracı və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarının əlaqələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Belə layihələr Azərbaycanı Cənubi Qafqazla Mərkəzi Asiya arasında enerji körpüsünə çevirən imkanları daha da genişləndirir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr Azərbaycan-Özbəkistan münasibətlərinin humanitar və dostluq xarakterinin göstəricisidir. Füzulidə Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına orta məktəb iki ölkə arasındakı qardaşlığın real və qalıcı nümunəsidir. Füzulidə “Dostluq bağı”nın salınması da eyni məzmunu daşıyır. Bu layihələr Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına göstərdiyi dəstəyin praktik ifadəsidir. Beləliklə, Füzuli Azərbaycan–Özbəkistan dostluğunun simvolik məkanlarından birinə çevrilir.
Azərbaycan və Özbəkistanın əməkdaşlığının mühüm istiqamətlərindən biri Türk Dövlətləri Təşkilatıdır (TDT). İki ölkə bu təşkiatı yalnız dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tarix, mədəniyyət və mənəvi dəyərləri gələcəyə daşıyan mühüm birlik kimi qiymətləndirir. Azərbaycan və Özbəkistanın TDT çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, təhsil, elm və mədəniyyət sahələrində fəal əməkdaşlığı təşkilatın potensialının genişlənməsinə mühüm töhfə verir.
Azərbaycanın prosesə qoşulması ilə əvvəllər “C5” kimi tanınan formatın faktiki olaraq “C6” formatına çevrilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin yeni mərhələyə keçməsini göstərir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mühüm mövqeyi iki ölkəni regionlararası əməkdaşlığın təbii tərəfdaşlarına çevirir. Nəqliyyat dəhlizləri, enerji layihələri, ticarət, investisiya və humanitar əlaqələr bu əməkdaşlığın əsas istiqamətləridir.
İki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT və Qoşulmama Hərəkatı kimi müxtəlif beynəlxalq və çoxtərəfli platformalarda bir-birini dəstəkləyir. Bu qarşılıqlı dəstək ölkələrin beynəlxalq gündəlikdə bir sıra məsələlər üzrə yaxın mövqelərə malik olmasının nəticəsidir. Azərbaycan və Özbəkistanın beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi həm ikitərəfli siyasi etimadı möhkəmləndirir, həm də Türk və İslam dünyasının maraqlarının beynəlxalq səviyyədə daha fəal ifadə olunmasına imkan yaradır.
Nəticə etibarilə, Bakı–Daşkənd münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi yaxınlıqla strateji dövlət maraqlarının uğurlu şəkildə uzlaşdırıldığı nümunələrdən biridir. İki ölkənin liderləri arasında möhkəm siyasi etimad, xalqlar arasında dərin mənəvi yaxınlıq və müxtəlif sahələrdə həyata keçirilən konkret layihələr Azərbaycan–Özbəkistan müttəfiqliyinin davamlı əsaslarını formalaşdırır. Bu müttəfiqlik yalnız iki dövlətin deyil, bütövlükdə Türk dünyasının siyasi, iqtisadi və humanitar inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın Cənubi Qafqazla Mərkəzi Asiya arasında yaratdığı yeni əməkdaşlıq imkanları isə gələcəkdə bu münasibətləri daha geniş Avrasiya məkanında strateji tərəfdaşlığın mühüm komponentlərindən birinə çevirəcəkdir.
