Xəbərlər
İnvestisiya, innovasiya və inkişaf
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən 26 avqust Laçın Şəhəri Günüdür. İşğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar sırasındadır. Hər bir tarixi gün keçilən yola nəzər salmağı bir tələb kimi qarşıya qoyur.
Artıq 6 ilə yaxındır ki, torpaqlarımızın işğaldan azad edildikləri günü böyük qürur hissi ilə qeyd edirik. Bu xoşbəxtliyi, sevinci xalqına yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza daim minnətdarıq. 44 gündə 30 ilin işğalına son qoymaq, ədaləti bərpa etmək, yeni reallıqlar yaratmaq dövlətimizin uğurlu siyasətinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev daim çıxışlarında bu əminliyi ifadə edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərdə yeni həyat başlayacaq. Cənab İlham Əliyev 2023-cü ilin 28 may tarixində Laçın şəhərinə qayıdan əhali ilə görüşündə də bu məqamı xüsusi qeyd etmişdir: “Əziz laçınlılar, siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində. Ondan daha ağırı mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək”.
44 günlük İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Həmin sənədə əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Bu günümüzün əsas hədəfi işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini müasir tələblər səviyyəsində həyata keçirmək, Böyük Qayıdış prosesini sürətləndirməkdir. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimiz, o cümlədən Laçın həyatının yeni dövrünü yaşayır. Bərpa-quruculuq işlərində əsas diqqət göstərilən məsələ infrastruktur layihələrinin uğurlu icrasıdır. Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına əsasən, tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tuneldən 16-da tikinti işləri uğurla davam etdirilir. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.
Bölgənin beynəlxalq statusunu və əhəmiyyətini artıran layihəni - Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsini xüsusi qeyd etməliyik. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.
Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır.
Laçın rayonunda həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası hazırda sakinlərin mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdışında özünün aydın ifadəsini tapır. Hər zaman bu məqamı xüsusi qeyd edirik ki, Azərbaycan müharibə başa çatan kimi dərhal bərpa-quruculuq işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atıb. Həm bu torpaqların sahibi kimi dərhal ərazilərimizin əvvəlki simalarını özünə qaytarmağa, soydaşlarımızın qayıdış sevincini yaşamasını təmin etməyə səy göstərildi, həm də bu işlərin fonunda malik olduğumuz iqtisadi və maliyyə imkanlarımızı dünyaya nümayiş etdirdik. Tarixi Zəfərimizdən ötən 6 ilə yaxın dövr ərzində 10 şəhərin, onlarla kəndin sakinlərinə qovuşması görülən işlərin miqyasının göstəricisidir. Nəzərə alaq ki, bu işlərin əsas tərkib hissələrindən biri məhz bu ərazilərə qayıdacaq soydaşlarımızın yüksək rifahının təmin edilməsidir. Məşğulluq probleminin həlli əsas prioritetlər sırasındadır. Hər bir bölkənin malik olduğu iqtisadi imkanlardan səmərəli istifadənin təmin edilməsi atılan addımlarda özünü nümayiş etdirir. Belə ki, Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Həmçinin Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür.
Dövlətimizin başçısı İlham Əliyevin ötən dövr ərzində Laçın rayonuna hər bir səfəri Böyük Qayıdış Proqramının uğurlu icrasında əhəmiyyətli rol oynamaqla yanaşı, mühüm çağırışları özündə ehtiva edir. Prezident İlham Əliyev laçınlılarla görüşündə bir daha bildirmişdir ki, bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir.
