YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir şəhərsalmanın yeni nümunəsi

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan tarixi Zəfərə imza atmaqla yeni reallıqlar yaratdı, işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başladı. 44 günlük Vətən müharibəsi, rəşadətli Ordumuzun uğurlu əks-hücum əməliyyatları Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətini, sözünün imzası qədər əhəmiyyətli olduğunu dünyaya nümayiş etdirdi. Çoxəsrlik tariximizin ən şanlı səhifəsini yazan Ordumuz bir daha sübut etdi ki, yenilməz, məğrur ordu bizim ordudur.  Ordumuz ərazi bütövlüyümüzü bərpa etməyə, işğala son qoymağa qadirdir. Bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatları yaradılır.

10 noyabr 2020-ci il Bəyanatının şərtlərinə uyğun olaraq dekabrın 1-də Laçın Azərbaycana qaytarıldı. Laçının iqtisadi imkanlarına, coğrafi mövqeyinə diqqət yetirdikdə tarixi sahibinə qayıtmaqla Azərbaycanın gələcək həyatında nə kimi iqtisadi, strateji əhəmiyyət daşıyacağı aydın görünür. Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən filiz, qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.

Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.

1 dekabr 2020-ci il Laçının həyatında yeni parlaq səhifəni açdı. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Həmin tarixdə Dövlətimizin başçısı İlham Əliyev bu paylaşımı etdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

26 avqust dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq Laçın Şəhəri Günüdür. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, torpaqlarımızın hər birinin işğaldan azad olunması Zəfər Günümüzdür. Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Zəfərimizdən dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban  Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri başladı. Hər bir səfər çərçivəsində atılan addımlar azad Qarabağın və azad Şərqi Zəngəzurun sakinlərinə qovuşmasını şərtləndirir.

Digər azad edilmiş ərazilərimiz kimi, Laçın rayonunda da bərpa və quruculuq işlərinin miqyası genişdir. Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır. Laçın şəhərində yeni yaşayış məhəlləsi inşa ediləcək. Ümumi sahəsi 57 min 470 kvadratmetr olan yeni yaşayış məhəlləsində 19 çoxmənzilli yaşayış binası inşa ediləcək. Bunlardan 11-i iki bloklu, 8-i isə bir bloklu olacaq. Binalar 3, 4 və 5 mərtəbədən ibarət olmaqla, ümumilikdə, 340 mənzili əhatə edəcək. Layihədə 57 ədəd birotaqlı, 122 ədəd ikiotaqlı, 98 ədəd üçotaqlı, 44 ədəd dördotaqlı və 19 ədəd beşotaqlı mənzilin tikilməsi nəzərdə tutulur.

Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Laçın şəhərində yaradılan “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq. “Laçın Aqro-Sənaye Parkı”nda işə başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək. “LATIFA” Laçın tikiş fabrikdə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.

Ümumiyyətlə, bərpa-quruculuq işlərində bura qayıdacaq sakinlərin yüksək rifahının, məşğulluğunun təmin edilməsi üçün bütün zəruri işlər görülür. Artıq sakinlərinə qovuşan 10 şəhər sırasında Laçın şəhərinin də adı var. Prezident İlham Əliyev hər bir çıxışında bu çağırışı edir ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış Proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar.