Xəbərlər
Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüşüb
Milli Məclisin deputatı Asif Əsgərov 2025/2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında Zaqatala rayonu üzrə yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirib.
İlk olaraq Zaqatala rayonundakı Heydər Əliyev Mərkəzində “Təhsil zirvəsinə doğru – Azərbaycan gəncləri” adlı tədbir keçirilib. Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatları Asif Əsgərov və Azər Kərimli, YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, şəhid ailələrinin üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları, təhsil işçiləri, məzunlar və valideynlər iştirak ediblər.
Öncə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək yüksək nəticə göstərən məzunları təbrik edib.
Millət vəkili Asif Əsgərov Zaqatala rayonunda təhsil sahəsində əldə olunan uğurlardan danışıb. O, yüksək nəticə göstərərək tələbə adını qazanan məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib, gənclərin əldə etdiyi nailiyyətlərin rayonun təhsil potensialının göstəricisi olduğunu bildirib.
Tədbirdə Milli Məclisin deputatı Azər Kərimli, Zəfər Murtuzəliyev adına şəhər 1 nömrəli tam orta məktəbin direktoru Nəzakət Məmmədova, məzun valideyni Arzu Yekibaşova və Zaqatala İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın məzunu Abdulla Şabanov çıxış edərək ölkəmizdə təhsilə göstərilən dövlət qayğısı və gənclər siyasəti ilə bağlı fikirlərini bölüşüblər.
Sonda 2025-2026-cı tədris ilində Zaqatala rayonu üzrə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərən məzunlar Milli Məclisin deputatı Asif Əsgərov tərəfindən mükafatlandırılıb, onlara hədiyyələr təqdim olunub.
Günün ikinci yarısında millət vəkili YAP Zaqatala rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Həmçinin, Çinin Pekin şəhərində keçirilən “RobotChallenge 2026” beynəlxalq müsabiqəsində uğur qazanaraq qızıl medal əldə edən Zaqatala məktəbliləri xüsusi hədiyyələrlə təltif olunublar.
Asif Əsgərov məktəbliləri təbrik edərək onların təhsildə, elm və texnologiya sahəsində əldə etdikləri uğurların böyük əhəmiyyət daşıdığını bildirib, gənclərə yeni tədris ilində yüksək nəticələr arzulayıb.
