YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməliyik

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Bu günlərdə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına  üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının artan beynəlxalq nüfuzundan, üzv dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişafından geniş bəhs edərək bildirdi ki, Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Mənim təşkilata üzv ölkələrə çoxsaylı səfərlərim və TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun parlaq göstəricisidir. Eyni zamanda, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Yəni bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir. Yəni ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur.

Mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir. Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində  mühüm rol oynayır.

Azərbaycanın Türk dünyasının birliyinə davamlı töhfələri göz qabağındadır. Dünya daim Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan dostluğunun, qardaşlığının timsalında bu birliyin şahidinə çevrilir. Cənab İlham Əliyev çıxışında bu məqamı xüsusi vurğuladı ki, qədim tariximizi nəzərə almasaq, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin böyük hissəsinin dövlətçiliyinin yaşı cəmi 35 il olan ölkələrdir. Əlbəttə, ölkələrimizin ərazisində qədim dövlətlər mövcud olub, xalqlarımız zəngin dövlətçilik tarixinə malikdirlər və biz haqlı olaraq bununla fəxr edirik. Lakin son dövrə gəldikdə, 1991-ci il Azərbaycanın dövlətçiliyini bərpa etdiyi ildir. Təbii ki, bu da nəzərə almalı olduğumuz amildir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın yenidən müstəqillik əldə etməsindən o qədər də uzun müddət keçməyib, lakin bu dövr həm mürəkkəb, həm də şərəfli olub. Hər bir ölkənin öz çətinlikləri olub, Azərbaycanın da öz çətinlikləri olub, lakin hamımız ən mürəkkəb sınaqlardan şərəflə çıxmışıq. Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Qarşıda isə birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz TDT-ni birgə səylərimizlə aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq. Əlbəttə, qeyd etdiyim tezislər belə bunun üçün bütün imkanların mövcud olduğunu göstərir.

Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Hər iki ölkənin birgə siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji və nəqliyyat layihələri ölkələri, xalqları birləşdirir. Regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirməyə başladı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2018-ci ilin iyun ayında coxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin əsas tərkib hissələrindən olan TANAP istifadəyə verilən zaman bu mühüm hadisəni növbəti layihələrin müjdəçisi kimi dəyərləndirdi. Bunun üçün tarixi Zəfərimizdən sonra qarşılıqlı səfərlərin dinamikliyi fonunda hər iki ölkənin münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Azərbaycan və Türkiyənin bir-birlərinə qardaş dəstəyi bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyevin «Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır» fikirləri özündə mühüm məqamları açıqlayır. Daim çıxışlarında Azərbaycanın tarixi Zəfərindən böyük sevinclə, qürurla bəhs edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirir ki, təxminən 30 il sürən işğal, qətliam və soyqırımı siyasəti qarşısında təəssüf ki, beynəlxalq ictimaiyyət qanunlara uyğun heç bir təsirli addım atmadı. Azərbaycanlı qardaşlarımız həm işğalın, həm də itkilərin acısı ilə yaşamaq məcburiyyətində qalmışdı. Bu ədalətsizliyə son qoymaq Türkiyənin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinə nəsib oldu. Qırx dörd gündə dastan yaradan mübarizə ilə şükürlər olsun ki, Qarabağ yenidən azadlığına qovuşdu, 30 illik işğal sona çatdı.

Dövlətimizin başçısı qeyd olunan qəbulda da Azərbaycan-Türkiyə dostluğunun Türk dünyasının birliyində öz payı olduğunu bildirdi: “Deyə bilərəm ki, dünya miqyasında buna oxşar əlaqələr yoxdur. Bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil. Çünki burada bütün amillər birləşir. Həm tarixi əlaqələr, həm mədəni əlaqələrimiz, həm siyasi maraqlarımız, təhlükəsizliklə bağlı olan məsələlər, enerji, nəqliyyat, insanlar arasındakı əlaqələr. Yəni Türkiyə-Azərbaycan bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir, xüsusilə indiki çətin bir geosiyasi vəziyyətdə. Təbii ki, 2021-ci ildə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla Şuşa şəhərində imzaladığım Şuşa Bəyannaməsi bizim münasibətlərimizin sanki zirvəsidir, tacıdır. Biz, əslində, ondan əvvəl də müttəfiq idik, amma bu Şuşa Bəyannaməsi bizi rəsmən müttəfiq etdi. Artıq o gündən demək olar ki, 5 ildən çox bir vaxt keçir və hər il, hər ay bizim birliyimiz daha da güclənir və dünyadakı apardığımız rol daha da möhkəmlənir”.

DİGƏR Xəbərlər Arxiv