Xəbərlər
TDT dünyanın ən nüfuzlu platformaları sırasındadır
Ayaz Cəbrayılov
YAP Kürdəmir rayon təşkilatının sədri
Qlobal geosiyasi transformasiyalar, təhlükəsizlik çağırışları, yeni iqtisadi və nəqliyyat marşrutlarının formalaşması, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması, eləcə də çoxtərəfli əməkdaşlıq mexanizmlərinə artan tələbat regional təşkilatların strateji əhəmiyyətini daha da yüksəldir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə Avrasiya məkanında siyasi, iqtisadi və geostrateji təsir imkanlarını sürətlə artıran mühüm beynəlxalq platformalardan birinə çevrilib. Bütün bunların fonunda sentyabrın 17-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısının keçirilməsi xüsusi vurğulanmalıdır.
Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə vurğuladığı fikirlər də bu təşkilatın dəyişən beynəlxalq şəraitə uyğun olaraq yeni fəaliyyət istiqamətləri formalaşdırdığını bir daha təsdiqləyir. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündən sonra TDT mühüm inkişaf yolu keçib. Bu gün təşkilat çərçivəsində müxtəlif səviyyələrdə keçirilən toplantılar onun gündəliyinin genişliyinin göstəricisidir. Təhlükəsizlik şuralarının katiblərinin görüşü xüsusilə əhəmiyyətlidir. Çünki müasir dövrdə təhlükəsizlik yalnız hərbi məsələlərlə məhdudlaşmır. Enerji təminatı, nəqliyyat bağlantıları, kritik infrastrukturun qorunması, terrorizm, transmilli cinayətkarlıq və digər təhdidlər də ümumi təhlükəsizlik sisteminin tərkib hissəsidir. Bu səbəbdən təhlükəsizlik sahəsində əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi TDT-nin gündəliyində mühüm yer tutur. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil. TDT ölkələrinin yerləşdiyi geniş coğrafiya bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Şərqlə Qərbi birləşdirən enerji və nəqliyyat marşrutlarının mühüm hissəsinin bu məkandan keçməsi təşkilatın regional və beynəlxalq əhəmiyyətini artırır. TDT-nin inkişafını şərtləndirən mühüm amillərdən biri üzv dövlətlərdə sabitlik və təhlükəsizliyin qorunmasıdır. Prezident İlham Əliyev qeyd edib ki, bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Buna görə də təhlükəsizlik TDT ölkələrinin iqtisadi inkişafının əsas şərtlərindən biri kimi çıxış edir. Lakin dünyanın müxtəlif regionlarında davam edən müharibələr və qarşıdurmalar təhlükəsizlik məsələsinə daim diqqət yetirməyi tələb edir. Münaqişələrin coğrafiyasının genişlənməsi, yeni risklərin meydana çıxması TDT ölkələrinin təhlükəsizlik strukturları arasında məlumat mübadiləsinin və koordinasiyanın gücləndirilməsini zəruri edir. Burada əsas məqsəd yalnız mövcud təhdidlərə cavab vermək deyil, mümkün riskləri əvvəlcədən müəyyənləşdirərək onların qarşısını almaqdır.
TDT-nin potensialını artıran əsas amillərdən biri onun geniş coğrafi mövqeyidir. Üzv dövlətlər Şərqlə Qərb arasında mühüm enerji və nəqliyyat marşrutlarının üzərində yerləşir. Xəzər hövzəsi, Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə üzərindən keçən bağlantılar beynəlxalq ticarət və enerji təhlükəsizliyi baxımından mühüm imkanlar yaradır. Bu coğrafi üstünlük TDT ölkələrinə regional və qlobal iqtisadi proseslərdə daha fəal iştirak üçün imkan verir. Buna görə enerji və nəqliyyat bağlantılarının təhlükəsizliyi TDT üçün həm iqtisadi, həm də strateji məsələdir. Dəhlizlərin fasiləsiz fəaliyyəti və enerji resurslarının etibarlı şəkildə dünya bazarlarına çıxarılması təşkilatın beynəlxalq əhəmiyyətini də artıran amillərdəndir. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir: “Mənim təşkilata üzv ölkələrə çoxsaylı səfərlərim və TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun parlaq göstəricisidir. Eyni zamanda, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Yəni bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və bu müqavilələr uğurla həyata keçirilir”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Türk dünyasının inteqrasiyası istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Azərbaycanın təşəbbüsləri, irəli sürdüyü regional layihələr və təşkilat daxilində fəal diplomatik fəaliyyəti TDT-nin institusional inkişafına, əməkdaşlıq mexanizmlərinin genişlənməsinə və Türk dünyasında siyasi həmrəyliyin güclənməsinə mühüm töhfə verir. Eyni zamanda, dövlət başçısının vurğuladığı kimi, ərazilərimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər. Nəzərə alaq ki, enerji sahəsində əməkdaşlıq TDT çərçivəsində prioritet istiqamətlər sırasında yer alır. Azərbaycan zəngin enerji resursları, geniş ixrac marşrutları və enerji diplomatiyası ilə regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, yaşıl enerji gündəliyi və bərpaolunan enerji sahəsində əməkdaşlıq türk dövlətləri arasında yeni strateji istiqamətlərdən biri kimi ön plana çıxır. Xəzər regionunun yaşıl enerji potensialı bu baxımdan TDT daxilində yeni əməkdaşlıq imkanları yaradır.
Beləliklə, TDT-nin qarşısında duran əsas vəzifə malik olduğu siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik potensialını daha sıx əməkdaşlıq çərçivəsində reallaşdırmaqdır. Üzv dövlətlər arasında mövcud etimad, ortaq dəyərlər, geniş coğrafi imkanlar və iqtisadi resurslar təşkilatın beynəlxalq mövqeyinin möhkəmlənməsi üçün mühüm zəmin yaradır.
