Xəbərlər
Birgə addımlar davamlı uğurlara yol açır
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, yeni təhlükəsizlik çağırışlarının meydana çıxdığı bir şəraitdə dövlətlər arasında qarşılıqlı etimad, həmrəylik və təhlükəsizlik sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Belə bir dövrdə Türk Dövlətləri Təşkilatının (TDT) rolunun və nüfuzunun artması, üzv dövlətlər arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi diqqəti cəlb edən mühüm proseslərdəndir.
Cari ilin sentyabrın ayının 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Görüşdə TDT Baş katibi, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının təhlükəsizlik strukturlarının yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Dövlət başçısının görüşdəki çıxışı Türk dünyasının təhlükəsizliyinə, həmrəyliyinə və gələcək inkişafına dair mühüm mesajlarla zəngin olub. Cənab Prezident çıxışında Türk Dövlətləri Təşkilatını digər beynəlxalq və regional əməkdaşlıq formatlarından fərqləndirən əsas xüsusiyyətlərdən birinə diqqət çəkib. Dövlət başçısı bildirib ki, təşkilata üzv ölkələri yalnız siyasi və iqtisadi maraqlar deyil, həm də ortaq etnik köklər, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Bu amillər türk dövlətləri arasında həmrəyliyin möhkəmlənməsi üçün mühüm zəmin yaradır.
Dövlət başçısının çıxışında təhlükəsizlik məsələsi xüsusi yer tutub. Cənab Prezident qeyd edib ki, müasir dövrdə sabitlik və təhlükəsizlik dövlətlərin inkişafının əsas şərtlərindəndir. Ölkədə siyasi və iqtisadi sabitlik təmin edilmədən investisiyaların, yeni texnologiyaların və innovasiyaların cəlb edilməsi və davamlı inkişafın təmin olunması çətinləşir. Bu baxımdan Türk dövlətlərində mövcud sabitlik və təhlükəsizlik təşkilatın inkişafı üçün mühüm üstünlüklərdən biri kimi qeyd olunub. Təhlükəsizlik strukturlarının qarşısında duran vəzifələrdən bəhs edən dövlətimizin başçısı xüsusi vurğulamışdır ki, Türk dünyasının təhlükəsizliyi və birliyi ölkəmiz üçün əsas prioritetdir.
Cənab Prezident çıxışında ideoloji təhdidlərə də xüsusi diqqət yetirilib. Dövlət başçısı qeyd edib ki, müasir təhdidlər yalnız fiziki xarakter daşımır, həm də ideoloji istiqamətdə özünü göstərə bilər. Bu baxımdan türk dövlətlərinin ardıcıl inkişafının və konstitusiya quruluşunun qorunmasının təmin edilməsi üçün müxtəlif ideoloji təxribatlara qarşı birgə mübarizənin aparılması vacibdir. Burada mühüm məqamlardan biri də gənc nəslə düzgün dəyərlərin çatdırılmasıdır. Ümumi tarix, dil, mədəniyyət və mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi Türk Dövlətləri Təşkilatının uzunmüddətli inkişafı baxımından mühüm istiqamətlərdən biri kimi çıxış edir.
Prezident İlham Əliyev çıxışında TDT daxilində yüksək səviyyəli siyasi dialoqun intensivləşdirilməsi məsələsi də diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, üzv ölkələrin rəhbərləri arasında ümumi maraqlar və ümumi planlar barədə anlayış mövcuddur. Bununla yanaşı, dövlət rəhbərlərinin ildə bir dəfə deyil, daha tez-tez bir araya gəlməsinin zəruri olduğu qənaəti formalaşıb və bu məqsədlə qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə başlanılıb. Bütün bunlar göstərir ki, Türk Dövlətləri Təşkilatı yalnız iqtisadi və mədəni əməkdaşlıq platforması deyil, eyni zamanda üzv dövlətlərin ümumi maraqlarının, regional təhlükəsizlik məsələlərinin və gələcəyə dair strateji yanaşmalarının müzakirə edildiyi mühüm bir təşkilata çevrilir.
Hazırda türk dünyasının qarşısında böyük imkanlarla yanaşı, yeni çağırışlar da dayanır. Bu çağırışlara cavab isə birlik, qarşılıqlı etimad, təcrübə mübadiləsi, təhlükəsizlik sahəsində koordinasiya və ortaq dəyərlərin qorunmasından keçir. Türk dövlətlərinin həmrəyliyi möhkəmləndikcə, onların qarşılıqlı əməkdaşlıq imkanları genişlənir, təhlükəsizlik sahəsində koordinasiya güclənir və Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemindəki rolu daha da inkişaf edir.
