Xəbərlər
“Suveren hüquqlarla strateji hədəflərə doğru”
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının, Göygöl Rayon İcra Hakimiyyətinin və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə “Suveren hüquqlarla strateji hədəflərə doğru” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Şəhriyar kənd orta məktəbinin direktoru Anar Rzayev, Vətən müharibəsi iştirakçısı Pərvin Rəhimli, müharibə əlil Emin Orucov və digərləri çıxış ediblər.
Çıxışlarda 20 Sentyabr - Dövlət Suverenliyi Gününün Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, uzun illər davam edən işğala son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması xalqımızın tarixində yeni mərhələnin başlanğıcını qoyub.
Qeyd olunub ki, Ermənistanın hərbi təcavüzü və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə nəticələnib. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa olunub, xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyulub.
Tədbirdə 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin Azərbaycanın dövlət suverenliyinin tam bərpasında mühüm mərhələ olduğu qeyd edilib. Bildirilib ki, tədbirlər nəticəsində Azərbaycan Respublikasının Konstitusiya quruluşu Qarabağ bölgəsində bərpa olunub və dövlətin bütün ərazisində suverenliyi və nəzarəti tam təmin edilib.
Çıxışlarda vurğulanıb ki, 20 Sentyabr - Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisənin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tarixi nailiyyətin əldə olunmasında Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərin fədakarlığı və qazilərin şücaəti ehtiramla yad edilib.
Tədbirdə, həmçinin Azərbaycanın dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin rolu xüsusi vurğulanıb. Ölkənin əldə etdiyi tarixi nailiyyətlər, müasir Azərbaycanın inkişafı və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətdən bəhs olunub.
Sonda Azərbaycanın dövlət suverenliyinin bərpası və Zəfər tariximizə həsr olunmuş videoçarx nümayiş etdirilib.
