Xəbərlər
4 Oktyabr – Cəbrayılın azadlığı və yeni inkişaf tarixinin başlanğıcı
Tahir Mirkişili
Milli Məclisin deputatı
4 oktyabr Azərbaycan tarixində ərazi bütövlüyümüzün və milli suverenliyimizin bərpası istiqamətində atılmış tarixi addımların mühüm səhifələrindən biridir. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi üstünlüyünün möhkəmlənməsində mühüm mərhələ olmaqla yanaşı, xalqımızın uzun illər ərzində daşıdığı tarixi ədalət və doğma torpaqlara qayıdış arzusunun reallaşmasının başlanğıcını qoydu. Cəbrayıl rayonunun 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycan xalqının yaddaşında ağır faciə kimi qalmışdır. İşğala qədər 1050 kvadratkilometr ərazini əhatə edən, 52 min nəfərə yaxın əhalinin yaşadığı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində rayonun yaşayış məntəqələri, sosial və iqtisadi infrastrukturu, təhsil və səhiyyə müəssisələri, mədəniyyət ocaqları və tarixi abidələri dağıdılmış, əhali doğma yurdlarından məcburi köçkün düşmüşdür. Cəbrayılın işğalı təkcə bir rayonun ərazi itkisindən ibarət deyildi. Burada əsrlər boyu formalaşmış tarixi-mədəni irsə qarşı məqsədyönlü dağıntılar həyata keçirilmişdir. Xudafərin körpüləri, Çələbilər kəndindəki məscid kompleksi, Şıxlar kəndindəki Dairəvi Türbə, Xubyarlı kəndindəki türbələr, Sirik kəndindəki Qala, Diri dağındakı Qız qalası və digər tarix-mədəniyyət nümunələri işğalın ağır nəticələrinə məruz qalmışdır. Bununla yanaşı, rayonun iqtisadi potensialı da dağıdılmış, sənaye, kənd təsərrüfatı və sosial infrastruktura ciddi ziyan vurulmuşdur. Cəbrayıllıların uzun illər davam edən məcburi köçkünlük həyatı Azərbaycan dövlətinin qarşısında duran ən mühüm sosial və humanitar məsələlərdən biri olmuşdur. Rayon sakinləri Azərbaycanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşaraq öz doğma torpaqlarına qayıdacaqları günü gözləmişlər. Bu gözlənti Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində nəhayət reallığa çevrilmişdir. Cəbrayılın azadlığına aparan yol 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları ilə başladı. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndlərinin, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin, oktyabrın 4-də isə Cəbrayıl şəhərinin və bir sıra kəndlərin azad edilməsi ilə rayonun böyük hissəsi düşmən işğalından qurtarıldı. Ümumilikdə Cəbrayıl rayonunun ərazisində 1 şəhər və 90 kənd azad edildi. Cəbrayıl əməliyyatı hərbi baxımdan da xüsusi əhəmiyyət daşıyırdı. Ermənistan silahlı qüvvələri rayon ərazisində bir neçə müdafiə xəttindən ibarət möhkəmləndirilmiş istehkamlar qurmuşdu. Bu müdafiə xətlərinin yarılması Azərbaycan hərbçilərindən yüksək peşəkarlıq, qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayılın azad olunması ilə Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut istiqamətində irəliləməsi üçün mühüm imkanlar yarandı. Sonrakı mərhələdə Zəngilan, Qubadlı və Laçın istiqamətlərində əldə edilən hərbi uğurlar Azərbaycanın ərazi bütövlüyünün bərpasını sürətləndirdi. Cəbrayılın azad edilməsi həm də dövlətçilik tariximizin rəmzi hadisələrindən biri ilə yadda qaldı. Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin burada Dövlət Bayrağını ucaltması xalqımızın tarixi yaddaşında xüsusi yer tutdu. Xudafərin körpüsündə Azərbaycan bayrağının dalğalanması dövlətimizin tarixi torpaqlarında suverenliyinin bərpasının mühüm simvollarından birinə çevrildi.
Prezident İlham Əliyevin Cəbrayıl rayonuna müharibədən sonrakı dövrdə çoxsaylı səfərləri azad edilmiş ərazilərin sistemli şəkildə bərpasına dövlət səviyyəsində göstərilən diqqətin konkret ifadəsidir. 2020-ci il noyabrın 16-da Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Dövlət Bayrağının ucaldılması ilə başlayan yeni mərhələ sonrakı illərdə şəhərin və rayonun hərtərəfli bərpası istiqamətində genişmiqyaslı layihələrlə davam etdirilmişdir.
2021-ci il oktyabrın 4-də Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasiminin keçirilməsi, “Cəbrayıl” yarımstansiyasının istifadəyə verilməsi, xəstəxana, məktəb, yaşayış məhəlləsi və digər sosial obyektlərin təməlinin qoyulması rayonun yeni inkişaf mərhələsinin başlanğıcını göstərirdi. Bu proses sonrakı illərdə daha da genişlənmiş, Cəbrayılın iqtisadi, nəqliyyat, enerji və sosial potensialının bərpasını əhatə etmişdir.
Cəbrayılın gələcək inkişafında “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının xüsusi əhəmiyyəti vardır. 200 hektar ərazini əhatə edən sənaye parkı logistika və ticarət imkanlarının genişləndirilməsi, anbar komplekslərinin, topdan və pərakəndə satış obyektlərinin, TIR parkının, gömrük və digər xidmət sahələrinin yaradılması baxımından mühüm iqtisadi platformadır. Hazırda sənaye parkında 20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib və 130-dan artıq iş yeri yaradılıb. Cəbrayılın bərpasında enerji infrastrukturu da strateji istiqamətlərdən biridir. “Cəbrayıl” yarımstansiyasının yaradılması rayonun enerji təminatının formalaşdırılmasına mühüm töhfə verib. 2025-ci ildə Şahvəlli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlinin qoyulması, 2026-cı ildə Soltanlı kəndində 330 kV-luq “Şəfəq” yarımstansiyasının istifadəyə verilməsi enerji infrastrukturunun yeni mərhələyə keçdiyini göstərir. Eyni zamanda Cəbrayılda 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi bərpa olunan enerji potensialından istifadənin genişləndirilməsi baxımından əhəmiyyətli layihədir. Nəqliyyat infrastrukturu da Cəbrayılın regional əhəmiyyətini artıran əsas amillərdəndir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəqliyyat layihələrinin mühüm hissəsini təşkil edir. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun inşası isə Cəbrayılı Füzuli və Xocavənd istiqamətləri ilə əlaqələndirərək rayonun nəqliyyat imkanlarını genişləndirir. Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi də bölgənin gələcək iqtisadi və logistika potensialının formalaşmasında mühüm rol oynayacaq. Cəbrayıl şəhərinin bərpası təsdiq edilmiş Baş plana uyğun olaraq həyata keçirilir. Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasını nəzərdə tutur. Baş plana əsasən şəhərdə yaşayış, sosial, ictimai və xidmət infrastrukturlarının qarşılıqlı əlaqədə inkişaf etdirilməsi, müasir memarlıq həllərinin tətbiqi və rahat yaşayış mühitinin yaradılması qarşıya məqsəd qoyulub. Bu gün Cəbrayılın bərpası yalnız şəhər mərkəzi ilə məhdudlaşmır. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Horovlu və Şükürbəyli kəndlərində həyata keçirilən layihələr kəndlərin müasir yaşayış məntəqələri kimi yenidən qurulmasını təmin edir. Məktəblərin, uşaq bağçalarının, tibb və inzibati obyektlərin, xidmət və sahibkarlıq məkanlarının yaradılması Böyük Qayıdışın yalnız insanların fiziki qayıdışı deyil, həm də tamhüquqlu və dayanıqlı həyatın bərpası olduğunu göstərir. Xüsusilə Horovlu və Şükürbəyli kəndlərində aparılan işlər bu baxımdan diqqətəlayiqdir. Horovlu kəndinin birinci mərhələsinin açılışı və sakinlərə mənzillərin təqdim olunması, Şükürbəyli kəndinin 2026-cı il mayın 9-da istifadəyə verilməsi doğma torpaqlara qayıdış prosesinin real nəticələrini nümayiş etdirir. Cəbrayıl şəhərində də məskunlaşma prosesi artıq geniş vüsət alıb. 2024-cü il sentyabrın 26-da ilk köç karvanının Bakı şəhərinin Qaradağ rayonundan yola salınması ilə başlayan proses bu gün davam etdirilir. 2026-cı il sentyabrın 28-nə olan məlumata əsasən Cəbrayıl şəhərində 680 ailə, 2 974 nəfər, Horovlu kəndində 321 ailə, 1 326 nəfər, Şükürbəyli kəndində isə 599 ailə, 2 749 nəfər olmaqla ümumilikdə 1 600 ailə, 7 022 nəfər məskunlaşıb. Bu rəqəmlər Böyük Qayıdış siyasətinin Cəbrayıl rayonunda konkret nəticələrini əks etdirir. Cəbrayıl yaşayış kompleksləri də şəhərin yeni simasının formalaşmasının mühüm hissəsidir. Birinci yaşayış kompleksində 33 binada 712 mənzilin inşa edilməsi, ikinci və üçüncü yaşayış komplekslərində isə ümumilikdə 1 361 mənzilin yaradılmasının nəzərdə tutulması şəhərin artan əhali potensialına uyğun yaşayış fondunun formalaşdırıldığını göstərir. Mənzillərin tam təmirli və müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunması qayıdan sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsinə yönəlib. Cəbrayılın bərpası ilə bağlı həyata keçirilən layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi siyasətinin sistemli xarakter daşıdığını göstərir. Şəhərsalma, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, sosial infrastruktur və yaşayış məskənlərinin yenidən qurulması bir-birini tamamlayan vahid inkişaf strategiyasının tərkib hissələridir. 4 oktyabrın Cəbrayıl şəhəri günü kimi qeyd edilməsi də bu baxımdan mühüm siyasi və mənəvi məna daşıyır. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi tarixi Qələbənin konkret günlərinin yaddaşlarda yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Cəbrayılın tarixi taleyi Azərbaycanın müasir dövlətçilik salnaməsinin mühüm səhifələrindən biridir. İşğal illərində dağıdılmış şəhər və kəndlərin bu gün yenidən qurulması, əhalinin doğma torpaqlarına qayıtması və iqtisadi həyatın canlanması Azərbaycan dövlətinin qarşıya qoyduğu strateji məqsədlərin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Cəbrayılın timsalında biz işğaldan azad olunmuş ərazilərdə yeni həyatın necə formalaşdığının canlı nümunəsini görürük. Burada dalğalanan Azərbaycan bayrağı yalnız hərbi Qələbənin deyil, dövlət suverenliyinin, tarixi ədalətin, milli iradənin və Böyük Qayıdışın rəmzidir. Cəbrayıl şəhəri və rayonun yaşayış məntəqələri yenidən qurulduqca, bu torpaqlarda həyat bərpa olunduqca 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin nəticələri daha aydın şəkildə görünür. 4 Oktyabr – Cəbrayıl şəhəri günü xalqımızın yaddaşında azadlığın, tarixi torpaqlara qayıdışın və quruculuğun simvolu olaraq yaşayacaq. Bu gün Cəbrayıl artıq keçmişin ağrısını deyil, Azərbaycanın suverenliyinin bərpasından sonra formalaşan yeni reallığı təcəssüm etdirir. Doğma torpaqlarına qayıdan Cəbrayıllıların ayaq səsləri isə bu qədim Azərbaycan yurdunun gələcəyə doğru inamla irəlilədiyini göstərir.
