YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi missiya

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər ölkəmizin keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaqla yanaşı, qarşıdakı dövr üçün əsas strateji prioritetləri də müəyyənləşdirir. Dövlətimizin başçısının çıxışı Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında və ölkəmizin yeni tarixi mərhələyə qədəm qoymasında oynadığı müstəsna rolu bir daha aydın şəkildə ortaya qoydu.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla, həm də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni reallıqlar fonunda keçirilən ilk qurultay kimi tarixə düşür. Bu baxımdan qurultay yalnız partiyanın fəaliyyətinə dair məsələlərin müzakirə olunduğu siyasi platforma deyil, Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisədir.

Bu gün Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi cəmiyyətin aparıcı siyasi institutlarından biridir. Partiyanın yaranması Azərbaycan dövlətçiliyinin ciddi sınaqlarla üzləşdiyi, ölkənin idarəolunmaz vəziyyətə düşdüyü, torpaqlarımızın işğal olunduğu mürəkkəb bir tarixi mərhələyə təsadüf etmişdir. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən Azərbaycanın vətənpərvər və mütərəqqi insanları dövlətin gələcəyini düşünərək Yeni Azərbaycan Partiyasını yaratdılar. Bu, tarixi zərurətdən doğan ictimai sifariş idi.

Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycan siyasi həyatında yeni mərhələnin əsası qoyuldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı isə ölkəmizin parçalanmaq təhlükəsindən xilas edilməsində, dövlətçiliyin möhkəmləndirilməsində və sabitliyin təmin olunmasında həlledici rol oynadı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə siyasi və iqtisadi böhrandan çıxmağa, beynəlxalq təcriddən qurtulmağa və özünün inkişaf strategiyasını müəyyənləşdirməyə nail oldu.

Heydər Əliyevin siyasi irsinin ən mühüm xüsusiyyətlərindən biri dövlətçilik və milli maraqların bütün digər məsələlərdən üstün tutulmasıdır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü ordu və milli potensialdan səmərəli istifadə prinsipləri bu siyasi xəttin əsasını təşkil etmişdir. Bu gün həmin siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir.

Azərbaycanın əldə etdiyi tarixi Zəfərlər də məhz ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan Böyük Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. 8 Noyabr – Zəfər Günü ilə yanaşı, 20 Sentyabr – Dövlət Suverenliyi Günü də Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birinə çevrildi. Bu qələbələr yalnız hərbi uğur kimi qiymətləndirilə bilməz. Azərbaycan bütün bu proseslərdə siyasi iradəsini, diplomatik bacarığını, iqtisadi gücünü və xalq-iqtidar birliyini nümayiş etdirdi. Ölkəmiz uzun illər ərzində formalaşdırdığı güclü dövlətçilik modelinin nəticəsi olaraq öz tarixi ədalətini bərpa etdi. Ən mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycan bu Zəfəri heç bir dövlətin hərbi müdaxiləsi və ya birbaşa köməyi olmadan, öz gücünə arxalanaraq qazandı.

Bu gün Azərbaycan artıq keçmiş münaqişənin ağır nəticələrini aradan qaldıran deyil, yeni geosiyasi reallıqlar formalaşdıran dövlətdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlətimizin gücünü və imkanlarını nümayiş etdirir. “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlər işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə, müasir şəhər və kəndlərin salınmasına, dayanıqlı həyat şəraitinin yaradılmasına xidmət edir.

Prezident İlham Əliyevin qurultayda diqqət çəkdiyi əsas məsələlərdən biri Azərbaycanın bundan sonra da öz təhlükəsizliyini yüksək səviyyədə təmin etməsinin vacibliyidir. Ermənistanla münasibətlərdə sülh gündəliyinin önə çıxmasına baxmayaraq, dünyada baş verən proseslər göstərir ki, dövlətin hərbi gücü və müdafiə qabiliyyəti daim yüksək səviyyədə saxlanılmalıdır. Güclü ordu Azərbaycanın əldə etdiyi tarixi Zəfərlərin mühüm dayağı olmaqla yanaşı, gələcəkdə ölkəmizə qarşı hər hansı təxribatın qarşısını almağın ən etibarlı təminatıdır.

Azərbaycanın xarici siyasəti də məhz milli maraqların qorunması, qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulur. Bu siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. Azərbaycan müxtəlif siyasi və iqtisadi qütblərlə müstəqil münasibətlər quraraq heç bir düşərgənin tərkibinə daxil olmadan öz milli maraqlarını ardıcıl şəkildə müdafiə edir. Bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul edilməsinin başlıca səbəblərindən biridir.

Bu gün Azərbaycanın beynəlxalq əhəmiyyəti yalnız siyasi müstəvi ilə məhdudlaşmır. Ölkəmiz enerji, nəqliyyat və logistika sahələrində də mühüm regional və qlobal aktora çevrilib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu getdikcə artır. Bununla yanaşı, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə həyata keçirilən layihələr ölkəmizin strateji tranzit imkanlarını daha da genişləndirir. Azərbaycan artıq yalnız coğrafi baxımdan deyil, iqtisadi və nəqliyyat imkanları baxımından da Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm bağlantı nöqtəsidir. İqtisadi müstəqillik isə Azərbaycanın siyasi müstəqilliyinin əsas dayaqlarından biridir. Son illər həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizin maliyyə imkanları genişlənib, valyuta ehtiyatları artıb, xarici borcun ümumi daxili məhsula nisbəti əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu göstəricilər Azərbaycanın həm daxili, həm də xarici çağırışlara qarşı dayanıqlılığını təmin edən mühüm amillərdəndir.

Sosial siyasət də dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Əhalinin sosial rifahının yüksəldilməsi, əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılması, məşğulluğun genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər dövlətin insan amilinə verdiyi yüksək önəmin göstəricisidir. Güclü dövlətin əsas məqsədlərindən biri də məhz vətəndaşının rifahını və təhlükəsizliyini təmin etməkdir. Bütün bunlarla yanaşı, müasir dövrdə ideoloji təhlükəsizlik məsələsi də xüsusi əhəmiyyət daşıyır. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin cəmiyyət həyatına təsirinin artması, müxtəlif informasiya manipulyasiyalarının geniş yayılması milli informasiya məkanının qorunmasını zəruri edir. Bu baxımdan gənc nəslin milli-mənəvi dəyərlər, dövlətçilik ənənələri və tarixi həqiqətlər əsasında formalaşdırılması mühüm vəzifələrdəndir.

Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrdən biri də məhz bu istiqamətdə fəal maarifləndirmə işinin aparılmasıdır. Partiyanın üzvləri Azərbaycan reallıqlarının, əldə olunan nailiyyətlərin və dövlətimizin inkişaf strategiyasının cəmiyyətə düzgün çatdırılmasında daha fəal mövqe nümayiş etdirməlidirlər. Müasir dövrdə ideoloji iş yeni yanaşmalar, müasir kommunikasiya vasitələri və xüsusilə gənclərlə effektiv ünsiyyət üzərində qurulmalıdır.

Bu gün Azərbaycan öz gücünə, xalqının iradəsinə və dövlətçilik ənənələrinə arxalanaraq gələcəyə inamla addımlayır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və yeni hədəflərlə davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası bu siyasi xəttin ən möhtəşəm nəticəsi olmaqla yanaşı, qarşıda yeni inkişaf mərhələsinin açıldığını göstərir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında verilən mesajlar bir daha təsdiqləyir ki, Azərbaycanın qarşısında duran əsas məqsəd əldə edilmiş Zəfərləri qorumaq, dövlətin gücünü daha da artırmaq, iqtisadi inkişafı sürətləndirmək, beynəlxalq mövqeləri möhkəmləndirmək və xalqın rifahını yüksəltməkdir.

İnanırıq ki, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan, Prezident İlham Əliyevin ətrafında sıx birləşən Yeni Azərbaycan Partiyasının üzvləri bundan sonra da qarşıya qoyulan strateji vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcəklər. Çünki Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycan dövlətinin müasir tarixinin ayrılmaz hissəsidir. Bu tarix Zəfərlərlə yazılıb və qarşıdakı illərdə də yeni uğurlarla zənginləşəcək.

DİGƏR Xəbərlər Arxiv