Xəbərlər
YAP-ın VIII Qurultayı: güclü dövlət, sosial rifah və davamlı inkişaf yolunda yeni mərhələ
Vazeh Əskərov
Yeni Azərbaycan Paertiyasının İdarə Heyətinin üzvü, dosent
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın gələcək inkişaf prioritetlərinin müəyyənləşdirildiyi əlamətdar platforma kimi yadda qaldı. Müstəqillik tariximizin ən şərəfli və qürurlu dövründə keçirilən bu qurultay dövlətimizin əldə etdiyi nailiyyətlərin təqdimatı, yeni hədəflərin müəyyənləşdirilməsi və qarşıdakı dövrün inkişaf konsepsiyasının elan edilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı isə ölkənin yaxın və uzunmüddətli perspektivlərini əhatə edən strateji yol xəritəsi kimi diqqəti cəlb etdi.
Prezident İlham Əliyevin vurğuladığı kimi, VIII Qurultayın ən mühüm xüsusiyyəti onun tamamilə yeni tarixi şəraitdə keçirilməsi idi. Cənab Prezident vurğuladı ki, “İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.” Bu qurultay suveren Azərbaycanın ilk qurultayı: Tarixi zəfərin siyasi təntənəsi kimi də tarixə həkk olundu. Bu fikirlər müasir Azərbaycan dövlətinin keçdiyi böyük yolun siyasi yekunu və tarixi Zəfərin ideoloji ifadəsi kimi səsləndi. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etmiş, regionda yeni reallıqlar yaratmış qüdrətli dövlət kimi inkişafının növbəti mərhələsinə qədəm qoyur.
Əgər ötən dövrün əsas vəzifəsi ərazi bütövlüyünün bərpası idisə, qarşıdakı mərhələnin əsas missiyası qalib Azərbaycanın daha da güclənməsi, vətəndaş rifahının yüksəldilməsi və dayanıqlı inkişaf modelinin dərinləşdirilməsidir.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri sosial rifahın yüksəldilməsi oldu. Dövlət başçısı bir daha bəyan etdi ki, Azərbaycanın inkişafının mərkəzində insan amili dayanır və sosial siyasət bundan sonra da dövlət fəaliyyətinin əsas prioriteti olacaqdır. Bu kontekstdə Cənab Prezidentin“Gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq” mesajı güclü dövlətin əsas göstəricisində vətəndaş rifahının dayanmasını bir daha vurğulayır. Bu mesaj təkcə sosial təminat paketinin genişlənməsi anlamına gəlmir. Bu, həm də dövlətin öz vətəndaşına verdiyi dəyərin, insan kapitalına göstərdiyi diqqətin və sosial ədalət prinsipinə sadiqliyinin bariz təzahürüdür. Bu gün dünyada iqtisadi və geosiyasi təlatümlərin davam etdiyi bir şəraitdə Azərbaycan dövlətinin sosial müdafiə tədbirlərini ardıcıl şəkildə genişləndirməsi ölkəmizin sosial yönümlü siyasətinin gücünü və davamlılığını nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında sosial rifah siyasətinin təsadüfi və ya qısa müddətli tədbirlərdən ibarət olmadığını xüsusi vurğulayaraq qeyd edir ki, “Bu siyasəti biz müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın”. Əslində bu fikir son illər həyata keçirilən sosial islahatların fəlsəfəsini tam şəkildə açıqlayır. Azərbaycanda iqtisadi inkişafın əsas məqsədi yalnız makroiqtisadi göstəricilərin artması deyil, həmin inkişafın real nəticələrinin vətəndaşların gündəlik həyatında hiss olunmasıdır. Əməkhaqlarının artırılması, pensiya təminatının gücləndirilməsi, sosial müavinətlərin genişləndirilməsi, şəhid ailələrinə və qazilərə göstərilən diqqət, mənzil təminatı proqramları və məşğulluq sahəsində aparılan islahatlar sosial dövlət modelinin uğurlu tətbiqinin konkret nümunələridir.
Azərbaycanın son illərdə qazandığı iqtisadi uğurlar sosial proqramların davamlı maliyyələşdirilməsinə möhkəm zəmin yaradıb. Qeyri-neft sektorunun inkişafı, yeni sənaye zonalarının yaradılması, ixrac imkanlarının genişlənməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması ölkə iqtisadiyyatının dayanıqlığını əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyevin də vurğuladığı kimi, beynəlxalq investorların Azərbaycana olan yüksək etimadı ölkənin iqtisadi sabitliyinin mühüm göstəricisidir. Məhz güclü iqtisadi potensial sosial siyasətin uğurla həyata keçirilməsinə imkan verir və dövlətin sosial öhdəliklərini daha inamla yerinə yetirməsini təmin edir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yalnız siyasi hesabat xarakteri daşımırdı. Bu qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin ideoloji və strateji istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə oldu. Qurultayda səsləndirilən fikirlərdən aydın görünür ki, yaxın illərdə Azərbaycan öz inkişafını üç fundamental prinsip üzərində güclü dövlətçilik, davamlı iqtisadi inkişaf, yüksək sosial rifah quracaq. Bu prinsiplər qalib və suveren Azərbaycanın gələcək tərəqqisinin əsas sütunları olacaq.
VIII Qurultaydan verilən mesajlar bir daha göstərdi ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaş dayanır. Prezident İlham Əliyevin sosial rifahın yüksəldilməsi ilə bağlı səsləndirdiyi tezislər ölkəmizin inkişaf modelinin insan amili üzərində qurulduğunu bir daha təsdiqlədi. Bu gün Azərbaycan artıq yeni hədəflərə doğru irəliləyir. Qarşıdakı mərhələdə əsas məqsəd yalnız iqtisadi göstəricilərin artırılması deyil, hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial ədalətin möhkəmləndirilməsi və daha güclü Azərbaycanın qurulmasıdır.
Məhz buna görə də VIII Qurultaydan səslənən çağırışlar ölkəmizin gələcəyinə ünvanlanan mühüm mesaj kimi dəyərləndirilməlidir və güclü dövlətin ən böyük sərvəti də məhz onun vətəndaşıdır.
