Xəbərlər
Hədəflərin realllığa çevrilməsi
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
“Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür.” Dövlətimizin başçısı İlham Əliyev 2023-cü ilin 17 oktyabr tarixində, Füzuli Şəhəri Günündə şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə onu da qeyd etmişdir ki, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək, ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni siması göz oxşayır. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir.
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Ordumuzun gücü, qüdrəti, qəhrəmanlığı sayəsində Füzuli şəhəri işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin tapşırığına əsasən Füzuli rayonu yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 18 martda “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılmışdır. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilmişdir. Bununla yanaşı, Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı edilmiş Füzuli Beynəlxalq Hava Limanı da istismara verilmişdir.
2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir. İlkin mərhələdə 144 ailə köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb.
İşğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Füzuli rayonunda aparılan bərpa-quruculuq işlərində Türk dünyasının birliyi özünü aydın şəkildə nümayiş etdirir. Belə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunub. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılıb. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. 2024-cü il martın 12-də Prezident İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edib. İşğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir.
Görülən işlərin miqyası genişdir. Son 6 ildə həyata keçirilən layihələr, Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün nəzərdə tutulan hədəflərin realllığa çevrilməsi sonrakı dövrün aydın mənzərəsini yaradır.
