Xəbərlər
“Şəhidlik zirvəsi ucadan-uca”
Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində şəhid, Vətən müharibəsi Qəhrəmanı Şıxamir Qaflanovun anım gününə həsr olunmuş “Şəhidlik zirvəsi ucadan-uca” adlı tədbirdə iştirak edib.
Əvvəlcə şəhidin məzarı ziyarət olunub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbir çərçivəsində məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Şagirdlərin çıxışlarında Vətənə sevgi, qəhrəmanlara ehtiram, şəhidlərin xatirəsinə hörmət və milli-mənəvi dəyərlərimizə bağlılıq ifadə olunub.
Millət vəkili Asif Əsgərov çıxışında şəhid Şıxamir Qaflanovun Vətən qarşısında xidmətlərindən, şərəfli döyüş yolundan bəhs edib. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəmanların fədakarlığı heç vaxt unudulmayacaq: “Şəhidlərin Vətənə sədaqəti və mübarizliyi xalqımızın yaddaşında əbədi yaşayacaq, onların qəhrəmanlıq yolu gələcək nəsillər üçün örnək olacaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun peşəkarlığı və dövlətimizin qətiyyətli mövqeyi tarixi Zəfərin qazanılmasında mühüm rol oynayıb”.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Seyidov, eləcə də şəhidin qardaşı, polis polkovnik-leytenantı Qurban Qaflanovun çıxışlarında Azərbaycan Ordusunun qüdrəti və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin əhəmiyyəti diqqətə çatdırılıb. Natiqlər şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, onların qəhrəmanlıq salnaməsinin gənc nəslə aşılanmasının vacibliyini qeyd edib.
