YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngilanın inkişaf yolu: tarixi Zəfərdən müasir gələcəyə

Fatma Yıldırım

Milli Məclisin deputatı

20 Oktyabr – Zəngilan şəhəri günü xalqımızın tarixi yaddaşında mühüm yer tutan əlamətdar gündür. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün bərpasının, xalqımızın birliyinin və iradəsinin təntənəsi kimi xüsusi məna daşıyır.

2020-ci il oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edildiyini elan etdi. Bu tarixi müjdə uzun illər doğma yurd həsrəti ilə yaşayan zəngilanlılara böyük sevinc bəxş etdi. Zəngilanın azad olunması Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin qəhrəmanlığını və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirdi.

1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunan Zəngilanın sakinləri ağır sınaqlarla üzləşdilər. Rayon əhalisi 67 gün mühasirə şəraitində mübarizə apardıqdan sonra doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldı. Lakin zəngilanlılar Vətənə qayıdacaqlarına olan inamlarını itirmədilər. 2020-ci ildə qazanılan tarixi Qələbə bu arzunun gerçəkləşməsi üçün şərait yaratdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri Zəngilanın həyatında yeni mərhələnin əsasını qoydu. Böyük Qayıdış proqramı çərçivəsində şəhərdə və kəndlərdə yaşayış evləri tikilir, yollar və kommunikasiya xətləri yenilənir, sosial infrastruktur yaradılır. Məqsəd insanların doğma yurdlarında təhlükəsiz və rahat yaşaması, işləməsi və gələcəyini qurması üçün zəruri şərait yaratmaqdır.

Ağalı kəndində yaradılmış müasir “Ağıllı kənd” modeli bu istiqamətdə həyata keçirilən işlərin uğurlu nümunəsidir. Müasir texnologiyaların tətbiqi, yaşayış evlərinin və sosial obyektlərin inşası kəndin dayanıqlı inkişafına imkan yaradır. Ağalı təcrübəsi Zəngilanın müasir yaşayış məkanına çevrilməsi istiqamətində atılan addımların əhəmiyyətini göstərir.

Zəngilanın inkişafında nəqliyyat və logistika layihələri də mühüm rol oynayır. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və avtomobil yolu layihələri bölgənin nəqliyyat imkanlarını genişləndirir, iqtisadi əlaqələrin inkişafına şərait yaradır.

Rayonun iqtisadi potensialının reallaşdırılması üçün kənd təsərrüfatı, turizm və sahibkarlıq sahələrində də layihələr həyata keçirilir. “Dost Aqropark” kənd təsərrüfatının inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verir. Turizm infrastrukturunun genişləndirilməsi isə Zəngilanın bu sahədə imkanlarının artırılmasına xidmət edir.

Böyük Qayıdış Proqramı çərçivəsində ailələrin doğma yurda qayıtması Zəngilanın yenidən canlanmasının ən mühüm göstəricilərindəndir. Hər yeni yaşayış məntəqəsinin istifadəyə verilməsi və hər ailənin doğma torpağında məskunlaşması tarixi qələbəmizin real nəticələrini əks etdirir.

Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər və həyata keçirilən layihələr Zəngilanın iqtisadi potensialının daha da güclənməsinə, əhalinin rifahının yüksəlməsinə və rayonun ölkəmizin inkişafına töhfəsinin artmasına imkan verəcək.

20 Oktyabr – Zəngilan şəhəri günü münasibətilə bütün zəngilanlıları və xalqımızı ürəkdən təbrik edirəm. Doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm.