Xəbərlər
Ağdaşda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayonun Orta Ləki kəndində tədbir keçirilib. Görüşdə, həmçinin Yuxarı Ləki, Aşağı Ləki və Hapıtlı kəndlərindən olan partiya fəalları da iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxış edərək 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, bu il Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsindən 30, Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən 5 il ötür. Əlişah Rəcəbov məhz bu əlamətdar tarixi hadisələrlə əlaqədar Prezident İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli Sərəncamın mühüm əhəmiyyətindən geniş bəhs edib.
Görüşdə partiya fəalları Rüstəm Mustafayev, Nəzifə Mustafayeva, Rasim Seyidov və İlqar Malıyev çıxış edərək qazanılan Zəfərin təməlində məhz Azərbaycan Respublikası Konstitusiyasının ideya müəllifi olan Ulu Öndər Heydər Əliyevin siyasi kursu və Prezident İlham Əliyevin uğurlu diplomatiyasının dayandığını söyləyiblər.
Sonda bir qrup partiya fəalına fəxri fərman təqdim olunub.