Xəbərlər
Uğurlu tərəfdaşlıq modeli

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycan son dövrlər öz xarici siyasətini ciddi şəkildə şaxələndirir. Yaxın, Orta Şərq və Asiya istiqamətində hadisələr baş verməkdədir. Region ölkələri ilə ciddi əməkdaşlıq həyata keçiririk. Bunlardan da biri Vyetnamdır. 2025-ci ilin may ayının 7- də Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya səfəri Azərbaycanla münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam arasında keçirilmiş görüşdən sonra mətbuata verilmiş bəyanat, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Bu bəyanat, həmçinin Azərbaycan diplomatiyasının Asiya istiqamətindəki strateji baxışlarını və çoxtərəfli əməkdaşlıq kursunu bir daha təsdiq etdi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Vyetnamla diplomatik münasibətlər 1992-ci ildə qurulub. Bundan sonra iki ölkə arasında bütün sferalarda sıx əməkdaşlıq yaranıb. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri bu əlaqələrin inkişafına mühüm töhfə verib.
Dövlət başçısı Azərbaycanın Vyetnam ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, siyasi dialoqun intensiv xarakter aldığını, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək ənənəsinin formalaşdığını bildirdi. Azərbaycan ilə Vyetnam arasında BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda əməkdaşlığın mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırıldı.
Vyetnam Cənub-Şərqi Asiyada alternativ enerji potensialına malik ölkə kimi tanınır. Hər iki ölkə günəş, külək və biokütlə enerjisi sahəsində təcrübə mübadiləsi aparmağa, texnoloji biliklərini bölüşməyə və birgə investisiya layihələrini həyata keçirməyə maraqlıdır.
Dövlətimizin başçısı öz bəyanatında demişdir: “Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar”.
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri dövlətlər arasında siyasi-iqtisadi inteqrasiyanın inkişafı, eləcə də səfər çərçivəsində imzalanan çoxsaylı perspektivli sənədlər, iki dost ölkə arasında onilliklər boyu formalaşan münasibətlərin həqiqətən də hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini birmənalı şəkildə təsdiqləyir. Bütün bu faktlar bir daha təsdiq edir ki, ölkələrimiz arasında mədəni, iqtisadi və siyasi əlaqələrin ciddi tarixi kökləri mövcuddur.