Xəbərlər
Azərbaycan və Vyetnam: gələcək perspektivlər və əməkdaşlıq istiqamətləri

Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayın 7-də Azərbaycana səfər edib. Bu səfər Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Səfər çərçivəsində Azərbaycan və Vyetnam arasında geniş tərkibli görüş keçirilmiş, həmçinin qarşılıqlı əməkdaşlıq sahələrində mühüm sənədlər imzalanmışdır. Xüsusilə, Azərbaycan ilə Vyetnam arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat imzalanması bu əlaqələrin möhkəmlənməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Vyetnam Sosialist Respublikası ilə Azərbaycan arasında ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər sahələrdə sıx əməkdaşlıq mövcuddur. Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr əsasında, yaxın gələcəkdə bu sahədə əməkdaşlıq daha da genişlənəcəkdir.
İki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərləri və imzalanmış bir sıra mühüm sənədlər dövlətlərarası əlaqələrin inkişafına mühüm təkan vermişdir. Hər iki ölkə beynəlxalq təşkilatlarda da fəal şəkildə əməkdaşlıq edir və bu, onların regional və qlobal məsələlərdə daha da yaxınlaşmalarını təmin edir. Strateji tərəfdaşlıq əhəmiyyət kəsb edən Azərbaycanın və Vyetnamın gələcək əməkdaşlığında daha böyük imkanlar mövcuddur. Ölkə rəhbərləri beynəlxalq hüququn aliliyini və iki ölkə arasında beynəlxalq təşkilatlarda birgə fəaliyyətini müzakirə etmiş, burada heç bir fikir ayrılığının olmadığı qeyd olunub. Xüsusilə, Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyətin vacibliyi vurğulanıb. Azərbaycan bu təsisata 4 il sədrlik etmiş və bu dövr çox müsbət izlər buraxmışdır. Hərəkatın fəaliyyətinin hər iki ölkənin maraqlarına xidmət etdiyi bildirilib.
Görüşdə, həmçinin Vyetnamın öz tarixində işğaldan əziyyət çəkdiyi, azadlıq müharibəsi nəticəsində ərazi bütövlüyü və suverenliyini təmin etdiyi, Azərbaycanın isə 30 ilə yaxın dövr ərzində Ermənistanın işğalına qarşı mübarizə apararaq, Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etdiyi vurğulanıb.
Baş katib To Lam Vyetnamın azadlığı uğrunda mübarizəsində və birləşmə prosesində Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib.
Səfər qısa vaxt ərzində başlasa da, onun məzmunu olduqca zəngin və faydalı olub. Əldə edilmiş mükəmməl nəticələr, gələcəkdə Vyetnam-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi və qarşılıqlı əməkdaşlıq istiqamətində ciddi addımlar atılması üçün mühüm təkan verib. Bu səfər, ölkələrimiz arasındakı münasibətlərin davamlı olaraq inkişaf edəcəyinə dair nikbin proqnozlar yaradır.