Xəbərlər
“Yaşıl Gələcək” naminə tədbir keçirilib

Milli Məclisin deputatı Nigar Məmmədova Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən Ə.İbrahimov adına 2 nömrəli tam orta məktəbdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə təşkil olunmuş “Yaşıl Gələcək” adlı maarifləndirici tədbirdə iştirak edib.
Əsas məqsəd şagirdlərdə ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və ekoloji tarazlığın saxlanılması ilə bağlı bilik və məsuliyyət hissinin formalaşdırılması olub.
Tədbirin ilk hissəsində iştirakçılar üçün ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması və biomüxtəlifliyin qorunması mövzularında interaktiv təqdimatlar keçirilib. Ardınca müxtəlif ekoloji mövzularda master-klasslar, yaradıcılıq yarışmaları və qruplar üzrə praktiki fəaliyyətlər təşkil olunub. Bu fəaliyyətlər uşaqların həm öyrənməsinə, həm də ekoloji düşüncə və yaradıcılıqlarını ifadə etməsinə imkan yaradıb.
Tədbir çərçivəsində məktəbin həyətyanı sahəsində ağacəkmə aksiyası da keçirilib. Bu aksiya ekoloji dəyərlərin təbliği və ətraf mühitin yaşıllaşdırılması məqsədilə şagirdlərin iştirakı ilə reallaşdırılıb.