YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Səmərəli fəaliyyət

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Mayın 20-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü baş tutmuşdur. Həmçinin dövlət başçıları mətbuata birgə bəyanatla çıxış ediblər.

Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda bildirmişdir: “Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq”.

Azərbaycan son illərdə Macarıstanla əlaqələrini gücləndirir. Bu əməkdaşlıq təkcə siyasət və iqtisadiyyatla yox, həm də enerji, təhlükəsizlik və regiondakı birliklə bağlı məsələləri əhatə edir. Avropa İttifaqına üzv olan Macarıstan, Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır. Macarıstan və Azərbaycan uzun müddətdir ki, çox yaxın tərəfdaşlıq əlaqələrinə malikdirlər və bu əlaqələr bir çox sahələri əhatə edir. Xüsusilə də enerji, ticarət, təhsil və turizm sahələrində əlaqələr geniş şəkildə inkişaf etməkdədir.Bundan əlavə, siyasi əlaqələr və dialoq kifayət qədər yüksək səviyyədədir. Macarıstan, Avropa İttifaqının və NATO-nun üzvü olaraq, Azərbaycanda tərəfdaşlıq edir ki, bu da Azərbaycanın Avropa və Qərblə münasibətlərinin möhkəmlənməsinə töhfə verən bir amildir. Macarıstan Avropa İttifaqı daxilində kifayət qədər müstəqil siyasət yürüdən bir ölkə kimi tanınır. Bundan başqa, Azərbaycan və Macarıstan həm də Türk Dövlətləri Təşkilatının (TDT) üzvləridir və əməkdaşlığımızın istiqamətlərindən biri də məhz bu platformadır ki, bu da olduqca önəmli bir hadisədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bizi Macarıstanla təkcə enerji sahəsində əməkdaşlıq birləşdirmir, digər sahələrdə əməkdaşlığımız mövcuddur və əməkdaşlığın yaxşı potensialı var. Bu gün hər iki dövlətin münasibətləri təkcə ikitərəfli formatla məhdudlaşmır. Beynəlxalq səviyyədə də biz bir-birimizin mövqeyini müdafiə edirik. Xüsusilə TDT çərçivəsində Azərbaycan-Macarıstan münasibətləri sürətlə inkişaf edir.

Prezident İlham Əliyev vurğulayıb ki, Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqlar var: “Ölkələrimizin əhalisinin təxminən eyni olması, ərazi ölçülərimizin də çox yaxın olması oxşarlıqlardır. Həmçinin Macarıstan müharibə aparan ölkə ilə sərhəddir, Azərbaycan da başqa bir müharibə aparan ölkə ilə sərhəddir. Bu oxşarlıqlar onu deməyə əsas verir ki, biz həm də bənzər çağırışlarla üz-üzəyik”.

Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda Macarıstan investisiyalı şirkətlər əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərir. Vətən müharibəsi zamanı Macarıstanın Azərbaycana açıq dəstəyini nümayiş etdirməsi və müharibədən sonra macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulmağa hazırlaşması iki ölkənin dostluq münasibətlərini və iqtisadi əməkdaşlığının inkişafını göstərir.

Dövlətimizin başçısının Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir. Azərbaycan-Macarıstan əlaqələri etibarlı tərəfdaşlıq əlaqələrinə, mehriban dostluq münasibətlərinə söykənir.