Xəbərlər
Azərbaycan-Macarıstan: milli maraqlara əsaslanan münasibətlər mühüm perspektivlər vəd edir

Bədəl Bədəlov
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulduğunu təsdiqləyir. Səfər çərçivəsində aparılan danışıqlar, mətbuata verilmiş bəyanatlar və qarşılıqlı razılaşmalar Azərbaycan-Macarıstan əməkdaşlığının strateji mahiyyətini və gələcəyə yönəlik potensialını nümayiş etdirir.
Hər iki ölkə əhalisinin sayı, ərazi baxımından bənzərliyi, açıq dənizlərə çıxışın olmaması və müharibə vəziyyətində olan qonşularla sərhəddə yerləşməsi onların beynəlxalq münasibətlərdə oxşar çağırışlarla üzləşdiyini sübut edir. Bu amillər qarşılıqlı anlaşmanı və siyasətdə həmrəylik ruhunu möhkəmləndirir.
Cari ildə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün Macarıstanın təşəbbüsü ilə keçirilməsi bu ölkənin türk dünyasına olan dost münasibəti, eləcə də ortaq tarixi və mədəni köklərə bağlılığının bariz göstəricisidir. Macarıstanın bu istiqamətdə fəallığı həm siyasi həmrəyliyin gücləndirilməsinə, həm də TDT çərçivəsində inteqrasiya proseslərinin sürətlənməsinə töhfə verir. Bu təşəbbüs Macarıstanın türk dünyasının bir parçası kimi çıxış etmək iradəsi və tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə yönəlmiş strateji baxışının təzahürüdür.
Macarıstan ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr, o cümlədən Azərbaycan arasında ticarət, iqtisadiyyat, enerji, təhsil, kənd təsərrüfatı, innovasiya və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Mövcud siyasi iradə və qarşılıqlı etimad fonunda bu sahələrdə həyata keçirilən birgə layihələr türk dövlətləri arasında regional və beynəlxalq miqyasda əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.
Enerji sahəsində ikitərəfli əməkdaşlıq Azərbaycan-Macarıstan münasibətlərində xüsusi yer tutur. Macarıstan şirkətləri “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi əsas neft-qaz layihələrində pay sahibidirlər. Bundan əlavə, ölkəmiz ötən ildən etibarən Macarıstana təbii qaz ixracına başlayıb. Azərbaycanın enerji resurs bazasının genişlənməsi, yeni yataqların istismara verilməsi və yaşıl enerji sahəsində qarşıya qoyulan məqsədlər iki ölkə arasında enerji tərəfdaşlığının uzunmüddətli və dayanıqlı olacağını göstərir. Dövlətimizin başçısının bəyanatında qeyd etdiyi kimi, əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir: “Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik”.
Milli maraqları üstün tutmaq, xarici təsirlərə qarşı siyasi iradə nümayiş etdirmək və yalnız real fayda gətirən təşəbbüslərdə iştirak etmək Macarıstanın xarici siyasət kursunun əsas fərqləndirici xüsusiyyətləri kimi çıxış edir. Bu prinsiplər Macarıstanın müstəqil qərarvermə qabiliyyətini, sabitlik və suverenlik istiqamətində ardıcıl siyasətini nümayiş etdirir. Məhz bu amillər Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə və qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına əlverişli zəmin yaradır. İki ölkə arasında ortaq dəyərlərə, qarşılıqlı maraqlara və siyasi suverenliyə hörmət prinsiplərinə əsaslanan əməkdaşlıq müasir beynəlxalq münasibətlər sistemində dayanıqlı tərəfdaşlıq nümunəsi kimi diqqət çəkir.
Azərbaycan-Macarıstan münasibətləri hazırkı mərhələdə qarşılıqlı maraqlar və ümumi dəyərlər üzərində formalaşmış strateji tərəfdaşlıq modelidir. Prezident İlham Əliyevin Macarıstana səfəri dostluq və tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsində yeni mərhələ kimi müstəsna əhəmiyyətə malikdir.