Xəbərlər
Strateji tərəfdaşlıq modeli: Azərbaycan ilə Macarıstan ortaq hədəflərə çatmaq əzmindədirlər

Asif Əsgərov
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri iki dost və strateji tərəfdaş ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Budapeştdə keçirilmiş danışıqlar çərçivəsində regional və qlobal gündəmi təşkil edən əsas məsələlər ətrafında əhatəli fikir mübadiləsi aparılıb, tərəflər arasında qarşılıqlı anlaşma və ortaq mövqelərin mövcudluğu bir daha qəti şəkildə təsdiqlənib.
Azərbaycan və Macarıstan arasında münasibətlər tarixi və mədəni əsaslar üzərində formalaşıb. Ölkələrin ərazi və əhali baxımından oxşarlığı, açıq dənizlərə çıxış imkanlarının olmaması, eləcə də müharibə aparan dövlətlərlə qonşuluqda yerləşməsi onları oxşar geosiyasi çağırışlarla üz-üzə qoyur. Bu amillər qarşılıqlı dəstək və əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır.
İki dövlət arasında münasibətlərdə enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Macarıstan şirkətləri ölkəmizin əsas enerji layihələrindən olan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında paya malikdir. 2024-cü ildən başlayaraq Azərbaycandan Macarıstana təbii qaz ixrac olunur və bu proses ardıcıl və uğurlu şəkildə davam etdirilir. 2026-cı ilin əvvəlindən etibarən Macarıstan şirkətinin ölkəmizin quruda yerləşən neft yataqlarında fəaliyyətə başlaması planlaşdırılır.
Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir, onların 10-u Avropa ölkəsidir və 8-i Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş kimi tanıyır. Bununla yanaşı, Azərbaycanın yaşıl enerji strategiyası da Macarıstanla əməkdaşlıqda mühüm yer tutur. Növbəti beş il ərzində 6000 meqavat gücündə yaşıl enerji istehsalı nəzərdə tutulur ki, bu da 3-4 milyard kubmetr təbii qaza qənaət etməyə imkan verəcək.
Azərbaycan ilə Macarıstan beynəlxalq müstəvidə bir-birinin maraqlarının müdafiəsini xüsusi diqqət mərkəzində saxlayırlar. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası məsələsində bu döst ölkənin ədalətli mövqeyi yüksək dəyərləndirilir. Postmünaqişə dövründə sülh prosesinə təşəbbüs göstərən tərəf məhz Azərbaycan olub. Sülh sazişinin ilkin mətnini də Azərbaycan hazırlayıb, Ermənistan bu sənədi qəbul etsə də, yekun razılaşmanın əldə olunması iki əsas məsələnin həllindən asılıdır: Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması və de-fakto fəaliyyət göstərməyən ATƏT-in Minsk qrupunun de-yure cəhətdən ləğvi. Hər iki məsələ ilə bağlı irəli sürülən təkliflər beynəlxalq hüquqa tam uyğundur. Dövlətimizin başçısının vurğuladığı kimi, əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir: “Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur”.
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təşəbbüsü ilk dəfə Azərbaycan tərəfindən irəli sürülüb və bu ənənə Macarıstan tərəfindən uğurla davam etdirilir. Mayın 21-də Budapeştdə keçirilən növbəti qeyri-rəsmi Zirvə görüşü Türk dünyasında inteqrasiyanın möhkəmlənməsinə xidmət edən əhəmiyyətli bir faktordur. Macarıstanın həmin platformadakı fəallığı bu dost dövlətin obyektiv mövqeyini əks etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır.
Macarıstanın Avropa İttifaqı çərçivəsində müstəqil siyasət yürütməsi onun suverenliyə və milli maraqlara sadiqliyinin göstəricisidir. Avropa İttifaqı daxilində müstəqil qərarlar qəbul etmək, şübhəsiz ki, cəsarət və strateji baxış tələb edir. Macarıstanın bu yolda göstərdiyi mövqe Azərbaycan tərəfindən təqdir olunur və dəstəklənir. Dövlətimizin başçısının bəyanatında Macarıstanın Baş naziri Viktor Orbanın bu sahədə göstərdiyi qətiyyətli iradəni xüsusi qeyd edərək onun milli maraqlar naminə həyata keçirdiyi düşünülmüş siyasətini yüksək dəyərləndirib.
Azərbaycan-Macarıstan münasibətləri hər iki ölkənin maraqlarına və suverenliyinə əsaslanan, real nəticələrə söykənən strateji tərəfdaşlıq modelidir. Bu tərəfdaşlıq mədəni, humanitar, təhlükəsizlik və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da əhatə edir. Prezident İlham Əliyevin sözügedən səfəri bu münasibətlərin qarşılıqlı etimada və ortaq məqsədlərə əsaslandığını bir daha sübut edir.