Xəbərlər
Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq

“107 il əvvəl Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın deyil, bütövlükdə Şərq və müsəlman dünyasının ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası kimi tarixə düşdü. Milli şüurun oyanışının, dövlətçilik iradəsinin və xalqın öz müqəddəratını müəyyən etmək qətiyyətinin bariz nümunəsi olan bu tarixi hadisə təsdiq etdi ki, Azərbaycan xalqı öz müqəddəratını təyin etməyə qadirdir.” Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, yarandığı ilk gün Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzaladı və Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Cəmi 23 ay mövcud oldu Azərbaycan Xalq Cümhuriyyəti. Bu qısa zaman ərzində Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən tarixi iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilməsi türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılmasından xəbər verdi. Həmçinin bu Bəyannamə tək bir müstəqil respublikanın yaradılması haqqında sənəd deyil, həmçinin tarixi yüzilliklərə söykənən bir xalqın mübarizliyinin, azadlıq duyğularının, qədim mədəniyyətinin, humanistliyinin, multikulturallığının təcəssümü idi.
Millət vəkilinin sözlərinə görə, qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Xalqımızın milli mənlik şüurunu özünə qaytaran Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman kəsiyində - 23 ayda gərgin, çətin bir şəraitində milli dövlətçilik ənənələrinin yeni səhifəsini yaratdı.
Azərbaycan xalqının dahi oğlu, Ulu Öndər Heydər Əliyev o tarixi günləri belə təhlil edirdi: “Azərbaycanın ətrafında və daxilində gedən proseslər bu respublikanın, hökumətin öz normal fəaliyyətini davam etdirməsinə imkan verməmişdir. Rusiyadakı bolşevik hökuməti keçmiş çar Rusiyasının bütün ərazisində bolşevik üsul-idarəsini qurmağa cəhd göstərərək, Azərbaycanda istilaçılıq hərəkətlərinə başlamışdı. Respublikanın daxilində o cəhdləri dəstəkləyən qüvvələr azərbaycanlı olmamışlar. Eyni zamanda, Cümhuriyyətin hökumətində və onun yaratdığı parlamentdə də daxili ziddiyyətlər, çəkişmələr onun süqut etməsinə gətirib çıxarmışdır”.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və türk-müsəlman dünyasının ilk demokratik respublikası düşmən qüvvələrin təsiri ilə 1920-ci ilin 27 aprelində iflasa uğradı. Xalq yenidən 70 il müstəmləkə rejimində yaşamaq məcburiyyətində qaldı.
1991-ci ildə isə müstəqilliyimiz bərpa olunan respublikamızda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dalğalanmağa başladı. “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” – deyən Ulu ÖndərHeydər Əliyevin sayəsində yenidən əldə etdiyimiz müstəqilliyimiz əbədilik qazandı. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başladı.
Pərvin Kərimzadə qeyd edib ki, Ulu Öndərin layiqli varisi Prezident cənab İlham Əliyevin müdrik, praqmatik siyasəti sayəsində bu tarixi gün hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir. 2022-ci il, 28 May –Müstəqillik Günündə Ağalı sakinləri ilə görüşən cənab İlham Əliyev 2023-cü ildə Laçın şəhərinin sakinlərilə görüşərək onlara evlərinin açarını təqdim etdi. 2024-cü il Müstəqillik Günündə isə bu sevinci Xocalı sakinləri yaşadı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün işğaldan azad olunmuş ərazilərdə dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Müstəqil Azərbaycanın Qalib Liderinin qeyd etdiyi kimi: müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”.