Xəbərlər
Səbail rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ilinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Azərbaycan Dövlət Tarix muzeyinin direktor müavini Fəhrad Cabbarov çıxışlarında bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu 1918-ci il mayın 28-i xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunub.
Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan xalqımız ötən əsrin əvvəllərində, bu işıqlı may günündə öz arzusuna qovuşub. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə idi.
Vurğulanıb ki, Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir, inkişaf etdirir.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan yeni inkişaf dövrünü yaşayır, dünya dövlətləri içərisində öz layiqli yerini tutur.
Tədbir bədii hissə ilə davam edib.