Xəbərlər
Nərimanov rayonunda 28 May - Müstəqillik Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Odlar Yurdu Universitetinin foyesində dahi şəxsiyyət Heydər Əliyevin büstü önünə tər-gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları Azər Badamov və Hikmət Babaoğlu, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov çıxış ediblər.
Natiqlər zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu qeyd ediblər. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə endirilən üçrəngli bayrağının növbəti dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında qaldırıldığı xüsusi qeyd olunub.
O da diqqətə çatdırılıb ki, 1991-ci ildə müstəqilliyimiz bərpa olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə müasir müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edilib. 2021-ci ildə isə Prezident İlham Əliyevin “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nu imzalaması ilə 28 May tarixi Müstəqillik Günü kimi qeyd olunur.
Daha sonra partiyanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclərə sertifikatlar və YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Odlar Yurdu Universitetinin tələbələrinin təqdimatında bədii hissə ilə davam edib.