Xəbərlər
Ənənəvi siyasətin yeni paradiqması, yaxud mavi yanacaqdan yaşıl enerjiyə

Nurlan QƏLƏNDƏRLİ
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Bəzi xalqlar və dövlətlərin tarixi təcrübəsi fonunda yeraltı sərvətlər, xüsusilə də enerji resursları təbiətin bədbəxtlik gətirən bəxşişi – “Troya atı” kimi səciyyələndirilir. Bu, daha çox neft-qaz ehtiyatlarından milli məqsədlərə - strateji maraqlara uyğun istifadə edilə bilinməməsi ilə əlaqədardır. Bu kontekstdə biz tərəqqiyə xidmət edə biləcək potensialın tənəzzül mənbəyinə çevrilməsinin nümunələrini cahanın üç qitəsini – Asiya, Afrika və Avropa coğrafiyasını əhatə edən ölkələrin timsalında görmüşük. Başqa sözlə, dünya bu sindromu yaşamış ölkələrin nümunəsində iqtisadi böhran, siyasi xaos - çevriliş, inqilab və digər çoxsaylı neqativ hallara şahidlik edib.
Təbii sərvətlərdən – enerji resursları və karbohidrogen ehtiyatlarından milli maraqlara uyğun istifadə edilərək inkişaf və yüksəlişi təmin etməyin Azərbaycan nümunəsi isə müsbət və mütərəqqi örnək kimi diqqəti cəlb edir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan praqmatik enerji strategiyasının uğurla icra olunması nəticəsində həm sosial-iqtisadi inkişaf - davamlı yüksəliş təmin olunub, həm də Azərbaycanın təşəbbüsü və liderliyi ilə geostrateji əhəmiyyətli layihələr reallaşdırılaraq mühüm beynəlxalq əməkdaşlıq platformaları yaradılıb.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə səsləndirilən fikirlər Azərbaycanın bu sahədə tarixi nailiyyətləri və gələcək hədəflərinə nəzər salmağa imkan verir. Prezident İlham Əliyev qeyd edib ki, açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik: “Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib”.
Regional güc mərkəzi olan Azərbaycan çoxvektorlu enerji diplomatiyası ilə Xəzər hövzəsi regionunun geosiyasi statusunun yüksəlməsini, XX əsrdə geostrateji cazibə mərkəzlərindən olan Cənubi Qafqazın Avrasiyanın “heartland”ına çevrilməsini şərtləndirib. Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
Bu gün enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verən Azərbaycan Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayan aktor kimi regional əhəmiyyətli, qlobal xarakterli yeni əməkdaşlıq platformalarının yaranmasını təmin edib. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının yaradılması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması isə çoxşaxəli işbirliyinin səmərəli nəticələridir.
Nəhayət, Azərbaycanın 2024-cü ilin noyabr ayında COP29-a uğurla ev sahibliyi etməsi və bunun nəticəsi olaraq paytaxt Bakıda iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair qlobal əhəmiyyətli qərarların qəbulu ölkəmizin “yaşıl inkişaf” konsepsiyasına əsaslanan enerji siyasətinin aktual çağırışlara cavab verməklə bərabər, perspektiv hədəflərin reallaşması baxımından önəmini ortaya qoyur.