YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji sahəsində yeni əməkdaşlıqlar

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Son dövrlərdə Azərbaycan artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. İyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum” kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi bunu bir daha sübut edir.

Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Bakı Enerji Həftəsi dünyanın aparıcı enerji şirkətlərinin rəhbərlərin, dövlət rəsmilərinin, beyin mərkəzlərinin əməkdaşlarının qatıldığı mühüm platformaya çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.

Prezident İlham Əliyev çıxışında Cənub Qaz Dəhlizinə də toxunaraq qeyd edib ki, açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.

Bakı Enerji Həftəsi isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.

Azərbaycan etibarlı, proqnozlaşdırıla bilən və uzunmüddətli tərəfdaş kimi çıxış edərək Avropa enerji bazarında öz mövqeyini ardıcıl olaraq möhkəmləndirir. Qlobal qeyri-sabitliyin artması və enerji təchizatının şaxələndirilməsi istəyi şəraitində Avropa ölkələri sabit, dayanıqlı və qarşılıqlı faydalı tədarük mənbəyi kimi Azərbaycana getdikcə daha çox üz tuturlar.Ölkəmiz ixrac marşrutlarını genişləndirməklə, infrastrukturu modernləşdirməklə və tədarük həcmlərini artırmaqla enerji həmrəyliyinə sadiqliyini nümayiş etdirir. Avropa ilə enerji dialoqunun gücləndirilməsi kollektiv enerji təhlükəsizliyi arxitekturasının yaradılmasına töhfə verməklə həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə öz əksini tapır.

Enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir. Bakı Enerji Həftəsi yeni texnologiyalarının şirkətlər tərəfindən təqdim edilməsi və bu sahədə dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə də imkan yaradır. Bu baxımdan Bakı Enerji Həftəsi regional və qlobal əhəmiyyət daşımaqla yanaşı, Azərbaycanın bu sahədəki potensial imkanların təqdim olunması üçün önəmli rol oynayır.