YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcəyə hesablanmış təhlükəsiz enerji siyasəti

Ülvi Fərzəliyev

YAP Neftçala rayon təşkilatının sədri

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u ölkəmizin etibarlı tərəfdaş kimi artan nüfuzunu və rolunu bir daha təsdiq etdi. Rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev də Azərbaycanın Avropanın enerji bazarında əhəmiyyətli yer tutduğunu çoxsaylı iştirakçıların diqqətinə çatdırdı.

Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrin uğurla reallaşması ölkəmizin enerji diplomatiyasında strateji mövqeyini daha da gücləndirir. Azərbaycanın dəniz yataqlarından başlayan Cənub Qaz Dəhlizi 3500 kilometrlik məsafə qət edərək İtaliyaya qədər uzanır. Bu gün 12 ölkə özünü məhz Azərbaycanın ixrac etdiyi təbii qazla təmin edir. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilib. Bu, həm də Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir şəraitdə Azərbaycanın enerji xəritəsində sabit və alternativ mənbə kimi mühüm rol oynadığını göstərir. “Biz təkcə neft və qaz ixrac etmirik, biz etimad ixrac edirik” – Prezidentin bu fikri enerji siyasətində güvən amilinə xüsusi yer verdiyini nümayiş etdirdi. Bəli, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi və zamanın çağırışlarından irəli gələrək yeni mərhələyə yüksəltdiyi enerji siyasəti Azərbaycanı beynəlxalq birliyinin etibarlı və arzuolunan tərəfdaşı səviyyəsinə çatdırıb. 

Prezidentin çıxışında diqqət çəkən əsas mövzulardan biri də yaşıl enerji potensialı və bərpa olunan mənbələrə keçid məsələsi, yaşıl enerji istehsalı və istehlakı sahəsində son illərdə əldə etdiyimiz uğurlar oldu. Hazırda qlobal və regional enerji təhlükəsizliyinin ənənəvi enerji mənbələri hesabına təmin olunmasına böyük töhfələr verən Azərbaycan enerji sferasındakı bu yeni çağırışları da vaxtında və düzgün dəyərləndirir, bərpaolunan enerji növlərinin inkişafı istiqamətində layihələr həyata keçirir. Çıxışında neft-qaz ixracının artmasını müsbət hal kimi dəyərləndirən cənab İlham Əliyev eyni zamanda alternativ enerji mənbələrinin hərəkətə gətirilməsinin keyfiyyətcə yeni mərhələ olduğuna diqqət çəkərək bildirdi ki, Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır.

“Yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir. “Yaşıl enerji” sənayesinin inkişafı üçün müvafiq normativ hüquqi aktlar qəbul edilir və institusional tədbirlər həyata keçirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Kon­vensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ötən il Bakıda keçirilməsi həm ölkəmizin “ya­şıl iqtisadiyyat”a keçid strategiyası­nın davamı, həm də “yaşıl enerji” siyasətinə qlobal dəstə­yin ifadəsi kimi qiymətləndirilir.

Yaşıl enerjiyə keçid istiqamətində Azərbaycan dövləti çox fəal çalışır və müsbət nəticələr əldə olunur. Hazırda Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Belə ki, Qaradağ GES ölkəmizdə xarici investisiya hesabına tikilmiş ilk belə stansiyasıdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri "Masdar" tərəfindən inşa olunub və bu, yalnız başlanğıcdır. Stansiyada hər il 500 milyon kilovat/saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr təbii qaza qənaət etmək mümkün olacaq. İmzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, Azərbaycan 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək: “Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması məsuliyyətimizi nümayiş etdirir” – deyən Preizident İlham Əliyev yaşıl enerji potensialımızın Azərbaycanın elektrik enerjisinə artan tələbatını qarşılayacağını, bunun nəticəsində qənaət ediləcək bir neçə milyard kubmetr qazın ixrac olunacağını da bildirib.

Yaşın enerjinin istehsalı ilə paralel olaraq, ixracı da gələcək prioritetlər sırasındadır. Azərbaycandan Avropaya yaşıl enerjinin nəqli üçün Qara dənizin dibi ilə sualtı kabelin tikintisi layihəsini həyata keçirmək planlaşdırılır. Bununla yanaşı, Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropa bazarına hidrogenin nəqli üzrə tədqiqatlar aparılır. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerji sahəsində mövcud olan strateji tərəfdaşlıq haqqında sazişə əsasən Avropaya ilkin mərhələdə 4 qiqavat həcmində yaşıl enerji ixracı nəzərdə tutulur.

Bütün bunlar deməyə əsas verir ki, enerji resurslarına görə regionun aparıcı ölkəsi olan Azərbaycan bu mövqeyini yaşıl enerji sektorunda da qoruyacaq. Bu, düşünülmüş və gələcəyə hesablanmış təhlükəsiz enerji siyasətidir.