Xəbərlər
Yasamal rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və “H.B.Zərdabi pr.88a” (SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktor əvəzi Mübariz Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və “H.B.Zərdabi pr.88a” ünvanı üzrə ərazi partiya təşkilatının sədri İbrahim Allahverdiyev bildiriblər ki, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin mühüm mərhələlərini yenidən dəyərləndirməyə imkan yaradır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə qəbul olunan Konstitusiya müstəqil Azərbaycanın hüquqi, siyasi və ideoloji əsaslarını müəyyənləşdirdi. Bu sənəd xalq hakimiyyətinin, insan hüquq və azadlıqlarının təminatçısına çevrildi. Prezident İlham Əliyev isə bu hüquqi təməli möhkəmləndirərək Azərbaycanın suverenliyini real gücə çevirdi. Xüsusilə Qarabağ üzərində dövlət suverenliyinin tam bərpası bu prosesin parlaq nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin idarəetmə mexanizmləri müasirləşdirildi, qanunvericilik sistemi təkmilləşdirildi. Konstitusiyanın ruhuna uyğun olaraq, milli maraqlar və strateji hədəflər uzlaşdırıldı.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. İlham Quliyev yekdilliklə “H.B.Zərdabi pr.88a” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini seçilib.
Tədbirin sonunda rayon təşkilatının fəaliyyətində aktiv iştirakına görə bir qrup şəxsə fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.