Xəbərlər
YAP Bərdə rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi Qəhrəmanı və Birinci Qarabağ müharibəsi şəhidinin ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının kollektivi fəallarla birlikdə Vətən Müharibəsi Qəhrəmanı və Birinci Qarabağ müharibəsi şəhidinin ailəsini ziyarət ediblər.
Təşkilatın sədri Faqət Şadlinskaya, aparatın kollektivi, YAP fəalları və ərazi partiya təşkilatının sədri Məhərrəm Şəfiyev birlikdə Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovun, həmçinin Birinci Qarabağ müharibəsində şəhid olmuş Füzuli Hüseynovun ailəsi ilə görüşüblər.
Görüş zamanı 44 günlük Vətən müharibəsinin son gününədək ön cəbhədə döyüşərək Şuşada ən yüksək zirvəyə üçrəngli bayrağımızı sancan, dövlət başçısının Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş Yaşar Hüseynovun, eləcə də Birinci Qarabağ müharibəsində kəşfiyyatçı kimi şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış Füzuli Hüseynovun həyat və döyüş yolu barədə söhbət açılıb.
Söhbət zamanı YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya vurğulayıb ki, Prezident, Ali BAş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi və qəhrəman övladlarımızın igidliyi sayəsində torpaqlarımız işğaldan azad olunub. Qeyd olunub ki, bu böyük Zəfər tariximizin ən şanlı səhifəsinə çevrilib. Xalqımız Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov və igid şəhid Füzuli Hüseynov kimi qəhrəman oğulları ilə daim fəxr edir və onların xatirəsi hər zaman əziz tutulacaq.