Xəbərlər
Dövlətimiz beynəlxalq müstəvidə güclü mövqeyə malikdir

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Azərbaycan hər zaman beynəlxalq müstəvilərdə öz haqlı mövqeyini diqtə edib. Uzun illət işğal altında qalmış doğma torpaqları azad etmək,məhz Azərbaycan dövlətinin qüdrətinin bariz nümunəsidir. Təbii ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasında Prezident-Xalq-Ordu birliyi əsas və çox mühüm rol oynamışdır. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib.Ölkə Prezidenti nitqində mühüm tarixi faktları diqqətə çatdırıb. Xüsusilə çıxışın əsas məzmunu Azərbaycanın parlaq Qələbəsindən və ölkəmizdəki böyük inkişafdan ibarət olub. Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.
Əlbəttə ki, Azərbaycanın qlobal səviyyədə humanitar yardım səyləri bütün dünya ictimaiyyətinə məlumdur. Xüsusilə qeyd edilməlidir ki, güclü dövlətimiz COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində 80-dən çox ölkəyə qoruyucu avadanlıqlar, tibbi cihazlar və vaksinlər ianə edib və maliyyələşdirib. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq aləmdə sülhə və təhlükəsizliyə, xalqların rifah içərisində yaşamasına, dövlətlərin dostluq münasibətləri və qarşılıqlı yardım,d əstək prinsipləri naminə əlaqələr qurmasına da böyük töhfə verir.
Ölkəmizin mövcud olduğu region həm geosiyasi, həm də strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir.