YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş olunub

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş etdirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının haqq və ədalət uğrunda mübarizə aparmaq əzmi bütün dünyaya nümayiş etdirildi. Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlarda yaşayacaq və hər zaman minnətdarlıqla anılacaqdır.

Bayram Aslanov qeyd edib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsinin ən mühüm hadisələrindən biri olan Hadrut əməliyyatına həsr olunan və real hadisələr əsasında ərsəyə gələn “Hadrut, sən azadsan!” sənədli filmi gənclərdə dərin vətənpərvərlik hissi oyatmaqla yanaşı, onlara tarixi həqiqətləri daha yaxından öyrənmək imkanı yaradır.

Filmin istehsalı Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən həyata keçirilib. Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, ssenari müəllifi Rasim İsmayılov, quruluşçu rejissoru Cavidan Şərifov, quruluşçu operatorları isə Ziya Babayev və Əli Əliyevdir.

Filmdə 2020-ci ilin 44 günlük Vətən müharibəsinin parlaq səhifələrindən olan Xocavənd rayonunun Hadrut qəsəbəsinin düşmən işğalından azad olunması (9 oktyabr) əməliyyatı təsvir edilir. Burada “Dəmir yumruq” əməliyyatının əsas həlqəsi sayılan qəsəbənin azad olunması planının unikal formada təşkil edilməsi və uğurla həyata keçirilməsi öz əksini tapıb.

Film əməliyyata qərar verilməsindən, əməliyyatın sona çatmasına qədər bütün prosesləri detallarına qədər real şəkildə canlandırır. Çəkilişlər əməliyyatın keçirildiyi məkanlarda aparılıb və məhz həmin döyüşlərdə birbaşa iştirak etmiş döyüşçülər filmdə yer alıblar. Film boyunca real döyüş kadrları ilə yanaşı, bütün qoşun növlərinin, xüsusilə də xüsusi təyinatlıların aparıcı rol oynadığı hərbi proseslərdə təkrarolunmaz hərbi fəndlər və döyüş səhnələri imitasiya olunaraq lentə alınıb.