Xəbərlər
Sabitlik və təhlükəsizlik modeli

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası postsovet məkanında yeni geosiyasi reallıqların formalaşdığı bir dövrdə baş tutdu. Bu sammit həm region ölkələri, həm də bütövlükdə Avrasiya üçün mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclasdakı çıxışı isə təkcə Azərbaycanın mövqeyini deyil, həm də MDB-nin gələcək inkişaf modelinə dair aydın strateji baxışı ifadə etdi. Dövlət başçısının fikirləri sübut etdi ki, Azərbaycan bu birliyin tərkibində yalnız iştirakçı deyil, həm də istiqamətverici lider dövlətlərdən biridir.Prezident İlham Əliyev çıxışında MDB-nin üzv ölkələr üçün əməkdaşlıq, sabitlik və qarşılıqlı etimad platforması olduğunu vurğuladı. O bildirdi ki, Azərbaycanın xarici siyasət fəlsəfəsi bərabərhüquqlu tərəfdaşlıq, praqmatizm və qarşılıqlı fayda prinsiplərinə əsaslanır. Bu, ölkəmizin illərdir davam edən müstəqil diplomatiyasının əsas qayəsini təşkil edir. Düşənbə çıxışı göstərdi ki, Azərbaycan MDB-nin formal struktur kimi deyil, real iqtisadi, mədəni və humanitar əməkdaşlıq məkanı kimi fəaliyyət göstərməsində maraqlıdır.
Sammit çərçivəsində Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonla keçirdiyi görüş iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Azərbaycan–Tacikistan münasibətləri tarixi, mədəni və dini yaxınlıq, həmçinin siyasi qarşılıqlı etimad üzərində qurulub. Dövlət başçıları birgə bəyan etdilər ki, bu əlaqələr sadəcə diplomatik deyil, qardaşlıq münasibətləri xarakteri daşıyır. Hər iki ölkə regionda sabitlik və təhlükəsizlik modelini dəstəkləyərək qarşılıqlı dəstək və əməkdaşlığı prioritet sayır.Prezident İlham Əliyevin Düşənbə çıxışında xüsusi yer tutan mövzulardan biri Laçının MDB-nin 2025-ci il üçün mədəniyyət paytaxtı elan edilməsi idi. Dövlət başçısı bu qərarı dəstəklədiklərinə görə MDB üzv ölkələrinin liderlərinə təşəkkürünü bildirdi. Laçının bu statusu Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma siyasətinin beynəlxalq səviyyədə tanındığının sübutudur. Şəhərin 30 illik işğaldan sonra qısa müddətdə tamamilə yenidən qurulması Azərbaycan dövlətinin iradəsinin və planlı fəaliyyətinin parlaq nəticəsidir.
İclasda müzakirə edilən digər mühüm məsələ sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçirilən III MDB Oyunları ilə bağlı idi. Bu yarışlar Gəncə, Qəbələ, Göygöl, Mingəçevir, Yevlax, Şəki və Xankəndi şəhərlərində təşkil olundu. 13 ölkədən 1600-dən çox idmançının iştirakı ilə baş tutan tədbir MDB məkanında dostluq, mədəniyyət və əməkdaşlıq dəyərlərinin güclənməsinə xidmət etdi. Prezident İlham Əliyev bu oyunları MDB-nin humanitar birliyinin, həmrəyliyinin və gənclər arasında əlaqələrin dərinləşməsinin göstəricisi kimi dəyərləndirdi.Azərbaycanın 2025-ci ilin oktyabrında eyni vaxtda bir neçə beynəlxalq platformada fəal iştirakı ölkəmizin çoxvektorlu xarici siyasətinin bariz nümunəsi oldu. Prezident İlham Əliyev 1–2 oktyabrda Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammitində, 6–7 oktyabrda Qəbələdə təşkil olunan Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşündə, 9–10 oktyabrda isə Düşənbədə MDB sammitində iştirak etdi. Bu ardıcıllıq Azərbaycanın həm Avropa, həm Türk dünyası, həm də postsovet məkanında etibarlı tərəfdaş, balanslaşdırıcı qüvvə kimi çıxış etdiyini nümayiş etdirdi.
Prezidentin çıxışında vurğulanan əsas tezislərdən biri MDB-də əməkdaşlığın yeni məzmun qazanması idi. İlham Əliyev qeyd etdi ki, təşkilat yalnız siyasi dialoqla məhdudlaşmamalı, iqtisadi və humanitar əlaqələrin dərinləşməsi üçün real mexanizmlər yaratmalıdır. Bu yanaşma Azərbaycanın MDB-nin gələcək inkişafına verdiyi töhfənin mahiyyətini təşkil edir. Azərbaycan təşəbbüsləri ilə birliyin modernləşdirilməsi və yeni çağırışlara uyğunlaşdırılması istiqamətində öncül rol oynayır.Düşənbə sammiti həm də MDB məkanında sülh, sabitlik və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm platformaya çevrildi. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər sübut etdi ki, Azərbaycan yalnız regional deyil, həm də qlobal səviyyədə sülhün və əməkdaşlığın təşviqinə töhfə verən ölkədir. Laçın və Gəncə kimi şəhərlərdə keçirilən beynəlxalq tədbirlər bu siyasətin praktiki təzahürləridir və Azərbaycanın “yumşaq güc” diplomatiyasının gücünü nümayiş etdirir.
Düşənbə iclası Azərbaycanın MDB çərçivəsində artan nüfuzunu və liderlik rolunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin çıxışı regionda sülh, sabitlik və inkişaf üçün yeni konseptual baxış ortaya qoydu. Bu baxış Azərbaycanın çoxşaxəli diplomatiyasının və beynəlxalq əməkdaşlıq fəlsəfəsinin mahiyyətini əks etdirir. Azərbaycan bu gün MDB daxilində səmimi tərəfdaşlıq, qarşılıqlı hörmət və praqmatik əməkdaşlıq dəyərlərinin əsas daşıyıcısı kimi çıxış edir, məhz bu mövqeyi sayəsində regionda sülhün və tərəqqinin aparıcı dayağına çevrilib.