YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir şəhərsalma prinsipləri əsasında bərpa olunan Füzuli regionun sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq

Asif Əsgərov

Milli Məclisin deputatı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı tarixi Zəfər nəticəsində işğaldan azad edilən Füzuli artıq strateji, iqtisadi və mədəni baxımdan tamamilə yeni mərhələyə qədəm qoyub. Bu gün Füzuli müasir şəhərsalma prinsipləri əsasında yenidən qurularaq regionun sosial-iqtisadi inkişafında mühüm rol oynayan mərkəzə çevrilib.

Füzuli Azərbaycanın qədim yaşayış məskənlərindən biridir, Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan bu torpaq əsrlər boyu sivilizasiyaların, ticarət yollarının və mədəniyyətlərin kəsişdiyi məkanda yerləşib. XIII–XIX əsrlərə aid Şeyx Babi Yaqub, Mirəli, Cəlil və digər türbələr bu ərazinin zəngin dini-mədəni irsini təsdiqləyir. Tarix boyu bir çox dövrlərin sınaqlarından çıxan bu torpaq XX əsrin sonlarında ağır işğal faciəsini yaşadı.

1993-cü il avqustun 23-də Füzulinin işğalı nəticəsində minlərlə insan doğma yurdunu tərk etdi, rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid oldu, 181 nəfər əsir və itkin düşdü. 2020-ci ilin payızında Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən ağır döyüşlər Azərbaycanın hərbi-siyasi tarixində mühüm önəm kəsb edir. Düşmənin uzun illər ərzində qurduğu istehkamların yarılması nəticəsində oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi müharibənin strateji axarını müəyyənləşdirdi. Bu döyüşlər Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, texnoloji üstünlüyünü və mənəvi birliyini dünyaya nümayiş etdirdi.

2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilmişdir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Füzuli rayonunda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri azad edilmiş ərazilərin gələcək inkişaf modelini müəyyənləşdirir. 2023-cü il martın 18-də təsdiqlənən “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” dayanıqlı urbanizasiya prinsiplərinə əsaslanır. Yeni enerji infrastrukturu, su anbarları, avtomobil yolları, yaşayış massivləri, sosial obyektlər və ağıllı idarəetmə sistemləri müasir şəhərsalma siyasətinin tərkib hissəsidir.

Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları, eləcə də Füzuli Beynəlxalq Hava Limanı regionu Cənubi Qafqazın iqtisadi və logistik mərkəzinə çevirir. Füzuli artıq Qarabağın əsas giriş qapısı kimi yeni strateji mövqe qazanıb.

2023-cü ildən etibarən Füzuliyə köç prosesi başlayıb, ilk mərhələdə 144 ailə, ümumilikdə 824 ailə (3141 nəfər) doğma torpaqlarına qayıdıb. Böyük Qayıdış Proqramı çərçivəsində 2026-cı ilin sonuna qədər Füzulidə 22 min insanın daimi məskunlaşması planlaşdırılır. Bu, yalnız sosial layihə deyil, həm də milli dövlətçilik strategiyasının, azad torpaqlarda həyatın bərpası siyasətinin real təzahürüdür.

Füzulinin dirçəlişi həm də dost və qardaş ölkələrin həmrəyliyinin nəticəsidir. Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzi, həmçinin Qırğızıstan və Türkmənistanın dəstək jestləri türk birliyinin mənəvi gücünü nümayiş etdirir. Bu layihələr mədəni diplomatiyanın praktiki ifadəsinə çevrilib.

Füzuli işğaldan azad edilmiş torpaqlarda qurulan yeni həyat modelidir. Burada həyata keçirilən layihələr təkmil dövlət idarəçiliyinin bariz nümunəsidir. Füzuli şəhəri konseptual baxımdan “yaşıl enerji”, “ağıllı şəhər” və “sosial inteqrasiya” prinsipləri əsasında formalaşır.

Bu gün Füzuli Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mərkəzində dayanır. Burada həyata keçirilən hər bir layihə – yeni yol, məktəb, yaşayış kompleksi və ya su anbarı azadlıqdan qaynaqlanan sabitlik və güclü iradənin ifadəsidir. Füzuli reallığa çevrilmiş milli ideyanı, bərpa olunan həyatı və parlaq gələcəyə olan inamı təcəssüm etdirir.

DİGƏR Xəbərlər Arxiv