Xəbərlər
Zaqatalada şəhidlərin xatirəsi anılıb

Zaqatala rayonunda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunan anım tədbirləri keçirilib.
Şəhidlərin ildönümü ilə bağlı keçirilən tədbirlərdə Milli Məclisin deputatı Asif Əsgərov, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Seyidov, hüquq-mühafizə orqanlarının və rayon ictimaiyyətin nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər.
Muğanlı, Qandax və Bəhmətli kəndlərində Vətən müharibəsi şəhidləri Nicat Xəlilli, Aydın Əhmədli və Ümid Məmmədovun məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
Tədbirlərdə çıxış edən natiqlər qəhrəman oğulların Vətən uğrunda gedən döyüşlərdə göstərdiyi fədakarlıqlardan bəhs ediblər.
Millət vəkili Asif Əsgərov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində Zaqatala rayonunun igid oğulları da xalqımızın tarixi Zəfərinə böyük töhfə verib: “Onlar Vətənə olan sevgilərini, sədaqətlərini nümayiş etdirərək şəhidlik zirvəsini fəth ediblər. Hər bir şəhidimizin xatirəsi bizim üçün müqəddəsdir. Onların əziz xatirəsini daim uca tutmaq, ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur”.
Həmçinin, görüşlərdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.